YAP Masallı Gənclər Birliyinin “2 fevral-Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbiri
28 yanvar 2017-ci il tarixdə YAP Masallı rayon təşkilatı aparatında “2 fevral-Azərbaycan Gəncləri günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov qeyd edib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Məhz bütün bunlar gəncliyimiz üçün dövlətimiz tərəfindən yaradılmış əlverişli imkanlar, verilmiş mükəmməl təhsil və özünü təsdiqləmək üçün ideal məkan əsasında ərsəyə gəlib. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.
Gənc YAP üzvü Rövşən Muxtarov çıxış edərək bildirmişdir ki, hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir, həyatını qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və sonra fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında, ailəsi haqqında düşünməli, ancaq hər şeydən əvvəl, hərşeydən çox müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir. Bu sözləri dünya və Azərbaycan tarixinə dahi şəxsiyyət kimi daxil olmuş müdrik dövlət xadimi və uzaqgörən siyasətçi Heydər Əliyev öz nitqlərinin birində söyləmişdir. Bu fikirlər gənc nəslin dövlətimizin həyatında oynadığı mühüm rolu ön plana çəkərək, Azərbaycan gənclərinə diqqətlə qayğı göstərilməsini dövlət və hökumət qarşısında əsas vəzifə olaraq qoymuşdur.
O, qeyd etmişdir ki, Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və 1996-cı il fevralın 2-də müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun keçirildiyini nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyev 1 fevral 1997-ci ildə “2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam qüvvəyə mindiyi gündən hər il olduğu kimi bu il də Azərbaycan Gəncləri günü qeyd edilir.
Tədbirdə cıxış edən gənc YAP üzvlərindən Tural İsayev, Ülvi Rufullayev, Hikmət Talıbov, Sübhan Şiriyev və başqaları qeyd etmişlər ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.
Tədbirin sonunda bir qrup gənc partiya sıralarına daxil olmaq üçün ərizə ilə müraciət etmiş, partiya sıralarına yeni daxil olmuş gənclərə partiyanın üzvlük vəsiqələri təqdim olunmuş, partiya həyatında fəal iştirakına görə bir qrup gənclərə qiymətli hədiyyələr və fəxri fərmanlar verilmişdir.