MASALLIDA GƏNCLƏR GÜNÜNƏ HƏSR OLUNMUŞ ÜMUMRAYON TƏDBİRİ
02 fevral 2017-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində 2 fevral-Gənclər gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdə rayon rəhbərliyi ilə yanaşı, idarə, müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri, gənclər iştirak etmişlər.
Rayon icra hakimiyyəti, YAP Masallı rayon təşkilatı, rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə kecirilən tədbir Dövlət himninin səslənməsi ilə başlamışdır və gənclərə dövlət qayğısından bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon Gənclər və idman idarəsinin rəisi Camal Manafov məruzə ilə bildirmişdir ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin əsasını qoydu. Ulu öndər 1994-cü illin iyulunda Gənclər və İdman Nazirliyini yaratdı. 1996-cı ildən başlayaraq gənclərin forumları təşkil edildi, 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Gənclər Günü elan olundu. Azərbaycanda gənclər siyasətini şaxələndirərək mahiyyətcə yeni mərhələyə yüksəldən Prezident İlham Əliyevin fəaliyyəti sayəsində 2005-ci ildə “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı”, 2007-ci il “Gənclər ili” elan edilib, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanıb.
Keçən müddət ərzində Masallı gənclərinin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakından bəhs edən sözçü qeyd etmişdir ki, gənclərimiz bundan sonra da onlara göstərilən etimadı doğruldacaqlar.
Güllütəpə kənd tam orta məktəbinin müəllimi Rövşən Muxtarlı, Masallı Dövlət Regional Kolecinin müəllimi Günay Əhmədzadə diqqətə çatdırmışlar ki, ölkə rəhbərinin diqqət və qayğısı hər bir Azərbaycan gəncinə stimul verir, onları ölkəmizin inkişafına dair görüləcək işlərə ruhlandırır.
YAP rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov qeyd etmişdir ki, dövlətin gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin avanqard qüvvəsinə çevrilib.
Çıxışına Ulu öndərimizin “Mən sizi gördükcə daha da ruhlanıram, siz mənə daha da ilham verirsiniz və sizdən ilham alaraq Azərbaycanı daha da qüdrətli etməyə çalışıram. Əmin ola bilərsiniz ki, Azərbaycan dövləti, Azərbaycanın Prezidenti sizin – gənclərimizin bütün hüquqlarının qorunmasının təminatçısı olub və bundan sonra da təminatçısı olacaqdır...” sözləri ilə başlayan Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov bildirmişdir ki, dövlətin həyata keçirdiyi düşünülmüş, ardıcıl ictimai-sosial islahatlardan əhalinin bütün təbəqələri kimi gənclər də hərtərəfli yararlanırlar. Gənclərin dostu və himayədarı, dünyanın ən gənc Prezidentlərindən olan cənab İlham Əliyevin bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmasının nəticəsidir ki, bu gün gənclərimiz özünü arxayın, güvənli hiss edir.
Rayon rəhbəri ölkədə və rayonda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri əlamətdar bayram günü münasibətilə təbrik edərək, onlara uğurlar arzulamışdır.
Rayonun ictimai-siyasi, təhsil, idman, elm, mədəniyyət və s. sahələrində fərqlənən gənclərə təşkilatçılar tərəfindən Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir rayon incəsənət ustalarının ifasında konsert proqramı ilə başa çatmışdır.