Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLI RİH BAŞÇISININ MASALLI ŞƏHƏR ƏRAZİSİNDƏ GÖRÜŞ-QƏBULU

15 fevral 2017 | 16:00

15 fevral 2017-cİ il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Masallı rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçirilmişdir.
   Ərazinin müasir insan üçün lazım olacaq bütün şəraiti var və yeniləşir. Nəhəng xidmət obyektləri fəaliyyət göstərir.
  Görüşü Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov açaraq əhalini salamlamış, son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmış, Masallıda görülən abadlıq-quruculuq işlərindən geniş bəhs etmişdir. Sonra əhalidən onları narahat edən məsələlər barədə məlumat və təklif vermələrini istəmişdir. Rayon İcra Hakimiyyətinin başçısı geniş nitqində Masallı meqapolisinin genişləndirilməsi, baş planı, sistemli iş, görülmüş və görüləcək işlərdən danışmışdır.
  Natiq qeyd etmişdir ki, bu gün sizinlə növbəti görüşümdür. Ötən il Masallıda görülən işlər şəhər ərazi nümayəndəsinin hesabatında əksini tapmışdır. Şəhərin inkişafı ilə əlaqədar görüləcək işlər çoxdur. İldən-ilə böyüyən Masallı şəhərinin xüsusi inkişaf proqramı var. Görülmüş işlər təqdirəlayiqdir. Çünki sovetlər dönəmindən sonra Masallı böyük inkişaf yolu keçib. Şəhərin baş planı müəyyən qədər həyata keçirilib. Lakin son illər görülən işlər daha böyükdür.
Bir vaxtlar şəhər ərazisində yaradılmış beş bələdiyyə Masallının inkişafına böyük zərbə vurub. Torpaqlar necə gəldi satılıb. Odur ki, bu gün şəhərdə hər hansı bir obyektin tikintisi üçün torpaq tapmaq müşküldür. 220 min əhalisi olan rayonun mərkəzində 8,5 min nəfər yaşayırdı. Bir çox işlər elə düyünə düşmüşdü ki, onları açmaq hünər tələb edirdi. Bundan ötrü möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına müraciətlər edildi. Şəhərin yeni baş planı hazırlamaq çox vaxt apardı.
RİH başçısı sonra dedi: -Şəhərsalma müfəssəl plana söykənməlidir. Hər şey baş plana əsasən qurulmalıdır. Biz də bu yolu asan keçmirik. Əngəllər oldu, çətinliklər yarandı. Bir çox küçələr genişləndirildi, yeniləri yaradıldı. Genişləndirmə zamanı kommunikasiya sistemləri küçənin ortasında qalırdı, bu da problemə dönürdü. Gələcək nəsil üçün bu problemlər daha da dərinləşəcək, xüsusilə köhnə binalar işimizdə böyük çətinlikdir. Şəhərdə 78 belə bina var. Əhalinin xeyli hissəsi bu binalarda yaşayır. Binaların əsaslı təmiri xeyli vəsait tələb edirdi. Bundan başqa binaların həyətində qaraj, ayaqyolu, toyuq hinləri, hasarlar, köşklər şəhərsalma mədəniyyətinə böyük zərbə vururdu. Biz qısa vaxtda xeyli binanı yenilədik, həyətləri səliqə-sahmana saldıq.
Cənab Prezident Masallıda olanda görülən işləri bəyəndi, tövsiyələr verdi. Bu binalarda su, kanalizasiya çətinlikləri sakinləri bezdirmişdi. İndi şəhərdə kanalizasiya sistemi yaradılır, su çəkilib. Natiq sözünə davam edərək dedi: -Əslində bu binaların təmirini və digər məsələləri sakinlər həll etməlidir. Çünki mənzillərin əksəriyyəti özəlləşdirilib. Sakinlərdə təəssübkeşlik yoxdur. Binaların aralarındakı suaparıcı arxlarda qamış, tikan bitib, çirkab sular küçələrə axır, antisanitariya baş alıb gedir. Kanalizasiya xətti çəkilməsi ilə əlaqədar bir çox küçələrin dağılması hərəkəti çətinləşdirir. Qısa vaxtda bu işlər yoluna qoyulacaq. Təkcə 5,5 kilometrlik H.Əliyev prospektində bəzi məsələlər həllini tapıb. Başqa küçələrdə də səkilər çəkilib. Bu, piyadaların gediş-gəlişini asanlaşdırır. Kanalizasiya sistemi başa çatandan sonra Masallıdan Kosakülə qədər olan yolun kənarlarında da səkilər qurulacaq, işıq sistemi yaradılacaq.
RİH başçısı göstərdi ki, şəhərin mərkəsində – Viləşin sahilində park-bulvar salınır. İş davam edir. Yaxın illərdə isə sahil boyu 40-45 hektarlıq sahədə yaşıllıq salınacaq. Burada təkcə bəzək deyil, başqa ağaclar da əkiləcək ki, adamların istirahəti üçün şərait yaransın. Bəzən yaşıllığı mal-qaraya yem edənlər tapılır. Belələri ilə hamı mübarizə aparmalıdır.
  Artıq Masallı turistlərin diqqət mərkəzindədir. Hər il minlərlə turist rayonumuzun gözəllikləri ilə tanış olur. Masallıda beynəlxalq turizm mərkəzi yaradılacaq. Bayraq Meydanında park salınacaq, “ASAN xidmət”də ada yaratmışıq ki, bu da qeyri-adiliyi ilə insanları valeh edir. Burada helikopter meydançası da yaradılacaq. Dostluq münasibətlərimiz olan Türkiyənin Sandıxlı bələdiyyəsi “ASAN xidmət” və ətrafında yaradılanları təqdir edir. Bu da xaricdən bizə gələn turistlərin sayını daha da artıracaq. Odur ki, bu obyektə avtobus marşrutlarının sayını çoxaltmalıyıq.
Cənab Rafil Hüseynov daha sonra dedi: -Masallı dövlət dotasiyasından çıxıb. Bu da bizdən vergiləri vaxtında verməyi, qənaətçil olmağı, yeni obyektləri açılmasını tələb edir. Masallılar bir neçə il əvvəl bəzi sənədlərini hazırlamaq üçün qonşu rayonlara üz tuturdular.
“ASAN” xidmət, Regional Kollec, təhsi-hesablama mərkəzi, mədəniyyət və turizm idarəsi kimi mühüm obyektlər Masallıdadır. Möhtərəm Prezidentimizin təşəbbüsü ilə şəhərimizdə yaradılacaq sənaye məhəlləsində 800 yeni iş yeri açılacaq. Artıq iki xarici şirkət Masallıda zavod tikmək təklifini verib. Beynəlxalq turizm mərkəzi rayonumuzun nüfuzunu, şöhrətini daha uzaqlara yayacaq, Viləşçayın ikinci növbəsinin tikintisi xeyli adamın işlə təminatına rəvac verəcək, rayonda aqrar sektorun inkişafını reallaşdıracaqdır. Bu gün Masallıda daha bir tam orta məktəb tikilməsi gündəmdədir. Bunu şəhər əhalisinin ildən-ilə sürətlə artması tələb edir. Şəhərin sabahına səyahət edən cənab R. Hüseynov dedi: -Masallının daha da böyüyüb gözəlləşməsi üçün mərkəzdən bəzi idarələri ətrafda yerləşdirməliyik. AzKİL-in 3-cü mərhələsi bu işdə bizə kömək göstərəcək. “ASAN” xidmətin arxasında geniş sahədə Dövlət Regional Kolleci, musiqi məktəbi, peşə liseyi üçün binalar tikilməsi, mərkəzi xəstəxananın yanında böyük təhsil ocağı inşa ediləcəyi istisna deyil.
Şəhər sakini, ziyalı İbrahim Bağırov SMART kart tipli qaz sayğacının dəyişdirilməsi, bu sahədə borcların yazılması, səkilərdə maşınların saxlanması, İskəndərlidə məktəbin vəziyyəti barədə rayon rəhbərini məlumatlandırdı. RİH başçısı bildirdi ki, İskəndərli şəhərin bir hissəsidir. Buradakı təhsil ocağı təmayüllü olacaq. Sonra da rayon qaz sahəsinin rəisindən məsələyə aydınlıq gətirməyi tapşırdı. Şəhər sakini veteran müəllim Eminağa Hüseynov hesabat zamanı görülmüş işlərlə tanışlığını və təqdir etdiyini, Kosakülə gedən yolun bərbadlığını, Heydər Əliyev parkında gənclərin məşğulluğunu təmin edən sadə idman qurğularının olmadığını, şəhidlər körpüsünün yanında çay yatağının dağılmasını söylədi. Müraciətlərə aydınlıq gətirən RİH başçısı Rafil Hüseynov dedi ki, hər təklifiniz ölkə Prezidenti İlham Əliyevin nəzarətinə düşür. Şəhərdə xeyli iş görülüb. Ancaq biz bunlarla arxayınlaşmamalıyıq. Şəhərimizin böyüməsi, gözəlliyi üçün hamı can yandırmalıdır. Yerli-yersiz perspektivli torpaqları zəbt edib tikinti salmaq işimizə əngəl törədir. Belə binalar hazırda sökülür. O, rayon əhalisi adından ölkə Prezidenti Cənab İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıq ifadə etmişdir.
  Masallı rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov görüşü yekunlaşdıraraq, verilən təkliflərin nəzərə alınacağını qeyd etmişdir.

Keçidlər