Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı müzakirə

07 mart 2017 | 16:00

07 mart 2017-ci il tarixdə Nizami Gəncəvi adına Masallı şəhər Mədəniyyət Mərkəzində ərzaq məhsullarının tədarükü və təchizatı məsələləri ilə bağlı regional müşavirə keçirilmişdir.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti və Masallı rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Becərmək sizdən, tədarük bizdən!” devizi ilə keçirilən maarifləndirici tədbirdə Astara, Cəlilabad, Masallı, Lənkəran, Lerik və Yardımlı rayonlarının dövlət satınalan təşkilatlarının, bələdiyyələrin təmsilçiləri, ərazi nümayəndələri iştirak ediblər.

Müşavirədə çıxış edən Masallı rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov ölkəmizdə, o cümlədən Masallı rayonunda aqrar bölmədə aparılan islahatların uğurlu nəticələrindən danışıb, fermerlərin istehsal etdikləri kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükünün və satışın təşkilinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC idarə heyətinin sədr müavini Xaliq Məmmədov müşavirədə çıxış edərək son illər dövlətimizin başçısının rəhbərliyi ilə qeyri-neft sektorunda həyata keçirilən tədbirlərdən bəhs edib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılan Səhmdar Cəmiyyətin fəaliyyəti aqrar bölmədə tədarük zəncirinin formalaşdırılmasına, fermerlərin istehsal etdikləri məhsullarının tədarük olunmasına, eləcə də satınalan müəssisələrin təchizat səviyyəsinin yüksəldilməsinə imkan yaradacaq.

Regionlarda keçirilən müşavirələrin əhəmiyyətinə toxunan X.Məmmədov bu tədbirlərin dövlət satınalan təşkilatlarla Səhmdar Cəmiyyət arasında birbaşa dialoqun qurulması, tedaruk.az portalından istifadənin izah edilməsi, satınalan təşkilatların problemlərinin yerində öyrənilərək həlli üçün qərarların qəbul olunması, kənd təsərrüfatı istehsalçıları ilə ünsiyyətin asanlaşdırılması məqsədi daşıdığını diqqətə çatdırıb.

“Səhmdar Cəmiyyət bu gün dövlətimizin başçısının da qeyd etdiyi kimi, kənd təsərrüfatı məhsulları istehsalçılarından istehsal etdikləri məhsulların elə tarlada alınıb daxili və xarici bazarlara satılması üçün davamlı fəaliyyət mexanizmi üzərində iş aparır”, - deyə X.Məmmədov bildirib.

Diqqətə çatdırılıb ki, hazırda Səhmdar Cəmiyyətin Lənkəran Regional Bölməsi üzrə 120 körpələr evi-uşaq bağçası, 20 mərkəzi xəstəxana, 86 icra nümayəndəsi və 6 digər (cəmi 232) satınalan təşkilatlar keyfiyyətli ərzaq məhsulları ilə təmin edilir.

Bütün bölgələrdə keçirilən bu görüşlərin məqsədi regionlarda istehsal-tədarük potensialının aşkara çıxarılması, istehsal olunan məhsulların dövlət satınalan təşkilatlarının ərzaq ehtiyacına yönəldilməsidir.

Hər bir bölgədə yerləşən, təhsil müəssisəsi, körpələr evi-uşaq bağçaları, xəstəxanalar, eləcə də hərbi hissələrin ərzaq təminatı həmin bölgənin istehsal imkanları hesabına təmin edilərsə, rayonlara böyük həcmdə vəsaitlər daxil olacaq. Əsas məqsəd büdcə vəsaitlərinə qənaət, şəffaflığın təmin olunması, yerli istehsalın dəstəklənməsidir.

Regional tədbirdə satınalan təşkilatların ərzaq məhsullarına tələbatı elektron portalından (tedaruk.az) istifadə qaydaları, qeydiyyatdan keçmə prosedurları ilə bağlı təlimatlar izah olunub.

Tövsiyə olunub ki, hər bir satınalan təşkilat portalda öz tələbatını düzgün yerləşdirməli, dövlət vəsaitlərindən səmərəli istifadə edilməsi məqsədi ilə verilən tələbatlar real ehtiyaclara uyğun olmalıdır. Bu istiqamətdə uşaq bağçaları və xəstəxana nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb, portalla işləmək bacarıqları ətraflı şərh olunub.

Sonda satınalan təşkilat nümayəndələri tədarük-təchizat səviyyəsinin yüksəldilməsi, yerli məhsulların tədarük imkanları haqqında təkliflər veriblər.

Keçidlər