Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda "Heydər Əliyev irsi və İslam həmrəyliyi" mövzusunda tədbir

27 aprel 2017 | 16:00

27 aprel 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı aparatında "Heydər Əliyev irsi və İslam həmrəyliyi" mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə rayonun dini icma rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq bildirmişdir ki, Azərbaycanın son onilliklər ərzində bir çox sahələrdə qazandığı uğurlar heç şübhəsiz ki, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti ilə birbaşa bağlıdır. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda hər bir sahədə olduğu kimi, dini sahədə də problemlər aradan qaldırıldı, dövlət-din münasibətləri yeni mərhələyə qədəm qoydu. Ulu Öndər Heydər Əliyevin dərin biliyi, yüksək idarəçilik təcrübəsi, uzaqgörən siyasəti sayəsində dövlət-din münasibətlərində yaranmış uçurumu aradan qaldıra bildi. Görkəmli dövlət xadimi göstərdi ki, İslam həqiqətən də sülh dini, mehribanlıq dinidir.
Seyfəddin Əliyev qeyd etdi ki, əsrlərdir Azərbaycanda hökm sürən milli və dini tolerant münasibətlərin bu gün də dövlətimiz tərəfindən mühafizə edilməsi xalqımız üçün qürurvericidir: “İslam həmrəyliyi birlik və bərabərliyimizin ən ali təcəssümü kimi təqdir olunmalıdır. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2017-ci il “İslam Həmrəyliyi ili” elan edilməsi  Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına ən böyük xidmətdir. Beynəlxalq idman tədbiri -İslam Həmrəyliyi Oyunlarının da may ayının 12-sində  Bakıda keçirilməsi bütün İslam dünyasının, eləcə də digər ölkələrin diqqətini Azərbaycana cəlb edəcək. Azərbaycanda mövcud olan məzhəblərarası, dinlərarası tolerantlığın dünyaya bir daha çatdırılması istiqamətində İslam həmrəyliyinin dövlətimiz tərəfindən himayə olunması olduqca  uğurlu siyasi addımdır. Bu baxımdan Azərbaycan İslam həmrəyliyinin ənənəvi siyasətinin çox yaxşı modelidir”.
Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən aparılan dövlət-din siyasətinin uğurlu nəticələri barədə danışan Seyfəddin Əliyev, dini maarifləndirmənin zəruriliyinə toxunub, dövlət  başçısının bu məqsədlə dini icmalara maliyyə yardımı göstərmək barədə müvafiq sərəncamının əhəmiyyətindən danışıb.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov çıxış edərək qeyd edib ki, Azərbaycanda əsrlər boyu müxtəlif xalqların nümayəndələri dinc, tolerantlıq şəraitində yaşayıb və indi də yaşamaqdadırlar: “Bu dəyərləri yad təsirlərdən, xarici emissarların fitnə-fəsadlarından qorumaq bu gün mühüm vəzifə kimi qarşıda durur. Bu sahədə xüsusilə din xadimlərinin, dini icmaların diqqətli olmaları zəruridir”.
Qafqaz Müsəlmanları idarəsinin cənub bölgə qazisi Mirqiyas Təhməzov çıxış edərək, regionlarda dini radikalizm meyllərinə qarşı aparılan maarifləndirici tədbirlərdən danışıb.
Tədbirdə Masallı Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev, Nazim Əliyev, Əlqulu Qardaşov və başqaları çıxış edərək qeyd etmişlər ki, ölkədə mövcud olan dini tolerantlıq və dövlət-din münasibətləri digər ölkələr üçün nümunədir. Xalqımız ənənəvi İslam dəyərlərinə söykənir və yad təsirləri heç vaxt qəbul etməyəcək. İslami dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi hər kəsin müqəddəs borcudur.

Keçidlər