Koreya səfiri Masallıda
02 may 2017-ci il tarixdə Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyun Masallı rayonunda səfərdə olub.
Koreya səfiri Kim Çanq-Gyun və Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan səfirlə işgüzar görüş keçirilib.
Rayon rəhbəri bu görüşü Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan və Koreya arasında qurduğu uğurlu siyasətin və dostluq əlaqələrinin bəhrəsi kimi dəyərləndirib. R.Hüseynov Azərbaycan və Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, son 10 ildə iki ölkə arasında əlaqələr intensiv xarakter daşıyır, Azərbaycan dövləti Koreya Respublikasını iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə daha möhkəmdir. Siyasi və iqtisadi sahələrlə paralel olaraq mədəni, elmi-texniki və humanitar əməkdaşlıq da genişləndirilir.
Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, iqtisadiyyat sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
İcra başçısı sonra Masallı, onun tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, sakinləri, onların məşğuliyyəti haqqında geniş məlumat verib. O, bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 sentyabr 2016-cı il tarixdə doqquzuncu dəfə Masallı rayonuna növbəti səfəri çərçivəsində Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin, “ ASAN həyat ” kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbi, Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Ölkə rəhbərinin hər tarixi gəlişi yeni infrastrukturların qurulmasının planlaşdırılması və rayonun gələcək inkişafı üçün tövsiyələri ilə yadda qalır.
İcra başçısı R. Hüseynov Prezident İlham Əliyevin tövsiyələrinə əsaslanıb rayonun mərkəzində 2034-cü ilə qədər baş planın təsdiqi və kəndlərdə yol strukturunun yaxşılaşdırılması, Viləşçay dəryaçasının ikinci növbəsinin tikintisi, çayçılığın əvvəlki şöhrətinin bərpası, tütünçülük təsərrüfatlarının inkişafı məsələlərinə də aydınlıq gətirib.
Rayon rəhbəri Masallıda turizmin yaxşı şəraitinin olmasını qeyd edib.
Görüşdə çıxış edən cənab Kim Çanq-Gyun cənubun mirvarisi Masallıda səmimi qarşılanmaya görə Masallı RİH başçısına minnətdarlığını ifadə edib, Azərbaycan və Koreya xalqlarının mənəvi yaxınlığından danışıb. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən koreyalı səfir Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Səfir deyib:
"Ölkəmizin iqtisadiyyatının sənayeləşmə dövrünün başlanğıcı hesab edilən 1962-ci ildə Koreyada adambaşına düşən ümumi daxili məhsul 62 dollar idi. Bu rəqəmdə son 50 ildə 450 dəfə artım olub və 27,633 dollara qədər qalxıb. Belə yüksək göstərici və artım uzaqgörən və güclü liderliklə bərabər, Koreya xalqının çalışqanlığı və əqidə möhkəmliyi ilə mümkün olub". Masallıya ilk dəfə səfər etdiyini deyən diplomat rayonun onda xoş təəssüratlar yaratdığını, maraqlı müzakirələrin keçirildiyini söyləyib. O, ölkəsi ilə Masallı arasında əməkdaşlığa, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırib.
Səfir bundan sonra da Masallı-Koreya əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyun səmimi görüşə görə minnətdarlığını bildirib. Səfir yüksək qonaqpərvərliyə görə Masallı RİH başçısı cənab Rafil Hüseynova minnətdarlıq edib. O, deyib ki, Azərbaycanla Koreya arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb.
Koreya səfiri elə həmin gün Heydər Əliyev Mərkəzini gəzib, uşaq-incəsənət məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində, “ASAN həyat” kompleksində, Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyində olub, Masalının gözəl və əsrarəngiz təbiətini gəzib, hündürlükdən seyr edib. Səfir Masallı Tarix-Diyarşünaslıq Muzeyinin "Xatirə kitabı"nda öz ürək sözlərini yazlb.
RİH başçısı R. Hüseynov Koreya səfirinə xatirə olaraq Masallı rəmzləri sayılan hədiyyələr təqdim edib.
Koreya Respublikasının ölkəmizdəki səfirinə Masallı rəmzləri sayılan hədiyyələr bağışlanıb.
Qeyd edək ki, görüş və Masallı ilə tanışlıq süfrə arxasında keçib. Koreyalı rəsmi qonaq Masallı qonaqpərvərliyinə heyran qaldığını bildirib. Açıq havada, Masallı şəhər Heydər Əliyev parkında “Halay” ansamblının konsertinə və Heydər Əliyev Mərkəzinin rəqs qrupuna tamaşa edib.