Masallıda Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair tədbir
04 may 2017-ci il tarixdə Masallı şəhər Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlğının artırılması” mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Masallı RİHB aparatının, hüquq-mühafizə orqanlarının rəsmiləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ərazi nümayəndələri və bələdiyyələr, KİV nümayəndələri və başqaları iştirak edib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Masallı rayon Dövlət Komissiyasının sədri, Masallı RİHB-nın I müavini Nadir Abıyev tədbiri giriş sözü ilə açaraq keçirilən tədbirin məsqəd və əhəmiyyətindən danışıb. Sözçü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayonda həyata keçirilən tədbirlər barədə məlumat verib.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun rəhbərinin müavini Vasif Quliyev, qrupun məsul işçisi Eldar Sadıqov çıxışlarında bildiriblər ki, Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən BMT-nin Konvensiyalarına uyğun olaraq öz üzərinə götürdüyü vəzifələrin öhdəsindən layiqincə gəlir.
Mövzu ilə bağlı çıxışlarda Masallı RTŞ-nin müdiri Tariyel Əkbərov, DQİDK Masallı bölgəsinin müdiri Miryəhya Bədirov, RPŞ-nin rəis müavini Polad Qarayev, QMİ-nin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, həkim-narkoloq Nazir Rufullayev, rayon gənclər-idman idarəsinin rəisi Camal Manafov və başqaları narkotik vasitələr və onun törətdiyi fəsadlar barədə geniş və əhatəli şəkildə məlumat verərək bildiriblər ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.
Həmçinin qeyd edilib ki, müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Narkotik maddələrin gənc nəsillər arasında yayılması təhlükəsini nəzərə alaraq, Masallı rayonunda mübarizə və təbliğat xarakterli tədbirlər vaxtaşırı olaraq həyata keçirilir. Bura təhsil ocaqlarında, hüquq mühafizə orqanlarında, ayrı-ayrı təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirilmə kampaniyaları daxildir.