Şriftin ölçüsü :

Saytın rəngi :

MASALLIDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLMİŞ ÜMUMRAYON TƏDBİR

11 may 2013 | 15:00

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Masallı rayonunda silsilə tədbirlər keçirilmişdir.

            10 may 2013-cü il tarixdə Masallı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş ümumrayon tədbiri keçirildi.

Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, ağsaqallar, ziyalılar, məktəblilər və minlərlə rayon sakini iştirak etmişlər.

Tədbir iştirakçıları Ümummilli Liderin adını daşıyan Heydər Əliyev parkında Ulu öndərin abidəsini ziyarət etmiş abidə önünə təzə tər gül dəstələri düzərək Ulu öndərə sonsuz ehtramlarını bildirmişlər.

Sonra Masallı şəhər Gənclər Mərkəzində “Azərbaycan dövlətçiliyinin xilaskarı və yaradıcısı” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq məruzə ilə çıxış etmişdir.

Natiq çıxış edərək vurğulamışdır ki, Heydər Əliyev dünyanın nadir, unikal, seçilən siyasət adamı idi. O, dünya siyasətinə təsir etmək gücündə olan lider idi. O, tək Azərbaycan səviyyəsində deyil, keçmiş ittifaq səviyyəsində, hətta Qərb miqyasında sözünün keçəri, təsiri, çəkisi olan lider idi. Bu dahi insan tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasət elminin qrosmeysteri, öz fəaliyyəti ilə siyasi prosesləri iradəsinə tabe etdirən, diktə edən nadir şəxiyyətlərdən biri idi. O, analitik düşüncə tərzi ilə, çətin vəziyyətlərdə soyuqqanlılığını saxlamaq məharəti ilə, yüksək intellekti, dünya mədəniyyətinə bələdçiliyi ilə ətrafdakıları heyrətləndirirdi. Heydər Əliyev idarəetmənin ustadı, siyasətin kamil bilicisi kimi bütün dünyada məşhur idi. Ulu Öndərimizin bu nüfuzu onun xalq və ölkə qarşısındakı əvəzsiz xidmətləri, nəsillərə nümunə ola biləcək həyat fəaliyyəti, iti düşüncəsi, əqidə və məsləki ilə, habelə rəhbərliyi dövründə Azərbaycanın demokratiya və müstəqillik yolunda atdığı uğurlu addımları ilə bağlıdır.

Ümummilli liderin formalaşdırdığı və inkişaf etdirdiyi Azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etdi, milli dövlətçiliyimizin ideya əsasına çevrilərək dünya Azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratdı.

Azərbaycan ziyalısını son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə Heydər Əliyevin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçdi.

1990-cı ilin Qanlı Yanvar hadisələrini Azərbaycan xalqı heç zaman unutmayacaqdır. Daim təqib və nəzarət altında olmasına baxmayaraq, Azərbaycan xalqının vətənpərvər övladı Heydər Əliyev öz çiyinlərinə düşən böyük məsuliyyəti dərk edən siyasi xadim kimi elə həmin günün səhəri bütün dünyaya səs salan çıxışı ilə bu hadisələrin əsl səbəbkarlarını və günahkarlarını sərt ittiham etdi. Onun bu çıxışının xalqdan gizlədilməsinə səy göstərilsə də, xalq hər şeydən xəbərdar oldu və Azərbaycanın böyük xilaskarının yenidən respublikaya qayıtmasını, bəlalardan qurtarmaq missiyasının ona həvalə olunmasını tələb etməyə başladı. Böyük rəhbərin o dövrdə yaşadığı mürəkkəb və gərgin anlar haqqında indi hamının məlumatı vardır.

            Azərbaycanın 1988-1993-cü illər dövrü bəlkə də onun tarixində ən mürəkkəb və faciəli bir dövr idi. Moskvanın buyruğu ilə oturub duran, onun qərarlarını kor-koranə yerinə yetirən Vəzirov və Mütəllibov rejimləri respublikanı nə qədər bərbad günə qoymuşdularsa, onların bacarıqsızlığından və qətiyyətsizliyindən istifadə edərək hakimiyyətə gəlmiş cəbhəçi-müsavatçıların səriştəsizliyi ucbatından ölkə tamamilə dağılmaq və məhv olmaq təhlükəsi qarşısında qalmışdı.

Əlbəttə ki, başqa maraqlı bir dövr Azərbaycanda vətəndaş müharibəsinin qarşısının alınması ilə bağlıdır. Bu, olduqca mürəkkəb və təzadlı bir dövr idi. Azərbaycan dövləti parçalanmaq təhlükəsi ilə baş-başa qalmışdı. Həmin dövrə diqqətlə nəzər salsaq görərik ki, Ümummilli Lider Heydər Əliyev dahi bir dövlət xadimi kimi Azərbaycan dövlətinin və dövlətçiliyinin mənzərəsini çox aydın şəkildə görür və onun struktur formulasını müəyyənləşdirərək nəyin, necə olmasını dəqiq cizgilərlə qura bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan dövləti quruldu.

Məhz Ulu Öndərin həmin dövrdə həyata keçirdiyi siyasət nəticəsində bu gün Azərbaycan bütün mənalarda müstəqil dövlət kimi tanınır.

Azərbaycan Respublikası Heydər Əliyev siyasəti ilə irəliləyir və yaşayır. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır.

Azərbaycanda bu gün ümummilli liderimizin ideyaları nəinki yaşayır, hətta daha geniş şəkildə həyata keçirilir. Böyük öndərimizin başladığı, lakin axıra çatdıra bilmədiyi işlər onun siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

            Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyev yolunun layiqincə davam etdirildiyinə, memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız  bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşirlər. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu layiqincə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

            Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi effektiv xarici siyasət əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş balans-laşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə diqqəti cəlb edir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev Ulu öndərin müəyyən-ləşdirdiyi iqtisadi strategiyanı yeni inkişaf erasının tələblərinə uyğun zənginləşdirərək iqtisadi inkişafın Azərbaycan modelini yaradıb. Onun inkişaf etdirdiyi mükəmməl iqtisadi konsepsiyanın həyata keçirilməsi nəticəsində Azərbaycan keçid iqtisadiyyatını arxada qoyub. Ötən illər ərzində əldə olunmuş makroiqtisadi göstəricilər və Azərbaycanın iqtisadi baxımdan dünya liderinə çevrilməsi düşünülmüş iqtisadi strategiyanın davam etdirilməsinin məntiqi nəticəsi sayıla bilər və dövlət başçısının iqtisadi islahatları uzunmüddətli, həmçinin, yeni inkişaf erasının tempinə uyğun aparmaq qətiyyətinin əyani təzahürüdür.      

Sonra Yeni Azərbaycan Partiyası Siyasi şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov,  Masallı şəhər 1 saylı tam orta məktəbin müəllimi Röya Babayeva, Lürən kənd orta məktəbin müəllimi Gülnaz Talıbova, Hişkədərə kənd həkim məntəqəsinin həkimi Füzuli Fətullayev, Ərkivan qəsəbəsi 3 saylı tam orta məktəbin müəllimi Sübhan Şiriyev və başqaları çıxış edərək misilsiz idarəetmə istedadına malik olan Ümummilli lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə quruculuğun, sosial-iqtisadi inkişafın, ictimai-siyasi sabitliyin, dövlətçiliyin təminatçısı olub, ən çətin məqamlarda ölkəmizin mənafeyi naminə böyük xilaskarlıq missiyasını öz üzərinə götürdüyünü tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.

Konfransın sonunda yekun nitqlə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynov əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik etmiş və öz xoş arzularını çatdırmışdır.

Axşam isə rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə rayonun “Nizami parkı”nda Ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş ümumrayon konsert proqramı təşkil olunmuşdur.

Əvvəlcə Ulu öndərin 90 illik yubileyinə həsr olunmuş bir neçə yarışlarda, məşğələlərdə və müsabiqələrdə iştirak etmiş qalibləri Rayon İcra Hakimiyyətinin Başçısı rafil hüseynov təbrik edərək  onlara qiymətli ədiyyələrlər təqdim etmişdir.  

Sonra konsertdə 2012-ci ildə Bakıda keçirilən “Eurovision-2012” müsabiqəsində Latviyanı təmsil etmiş Anmarinin ifasında gözəl mahnıları, xalq və əməkdar artistlərin, o cümlədən Masallı şəhər Mədəniyyət evinin özfəaliyyət kollektivinin və rayonun müxtəlif folklor qruplarının ifası rayon camaatı və gələn qonaqların qəlbini oxşamışdır.

            Konsertin sonunda atəşfəşanlıq təşkil olunmuşdur.

Keçidlər