Şriftin ölçüsü :

Saytın rəngi :

Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun anım günü

24 iyun 2017 | 16:00

24 iyun 2017-ci il tarixdə Xıl kəndində Azərbaycanın Milli Qəhrəmanı Elşad Hüseynovun 25-ci anım günü keçirilmişdir.
Tədbirdə Masallı rayon İcra hakimiyyətinin, rayonunun ictimaiyyətinin nümayəndələri, ziyalılar, hərbçilər, Milli Qəhrəmanın ailə üzvləri, Qarabağ veteranları, KİV nümayəndələri və Xıl və ətraf kəndlərin sakinləri İştirak etmişdir.
Milli Qəhrəmanı Elşad Hüseynov və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbir iştirakçıları abidə önünə təzə-tər çiçəklər düzmüşlər.
Ərazi nümayəndəliyinin qarşısındakı abidə önündə keçirilən tədbirdə çıxış edən Masallı rayon İcra hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Nəsir Muxtarlı toplaşanları RİH başçısı cənab Rafil Hüseynovun adından salamlamış, onlarla qürur şəriki olduğunu bildirmişdir. Göstərmişdir ki, Elşad kimi oğullar Azərbaycanın fəxri, başucalığıdır. Onların igidliyi inam yaradır ki, düşmən tapdağındakı torpaqlarımız Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğaldan azad ediləcəkdir.
ÇDX-nın rayon şöbəsinin məsul işçisi Babək Hacıyev, "Masallı Ziyalıları" İctimai Birlinin sədri Qardaş Fətullayev, “Tərəqqi” medallı Əməkdar müəllim Mirqabil Hüseynov, “Yeni həyat” qəzetinin Baş redaktor müavini, şair-publisist Rəsul Rzayev, Milli Qəhrəmanın müəllimi Yaşar Nəzərov və başqaları Elşad Hüseynovu el-oba üçün qürur mənbəyi kimi dəyərləndirmişlər.
Milli Qəhrəmanın övladı Aytən Elşadqızı tədbirin keçirilməsinə və atası kimi qəhrəmanlara qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdalığını bildirmişdir.
Şair Tahir Heydərlinin Milli Qəhrəmana həsr etdiyi “Vətən oğlu” poeması əsasında tamaşa göstərilmişdir. Masallı 4 nömrəli Digah və Xıl kənd məktəbinin şagirdləri şeirlər səsləndirmişlər.
Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Elşad Hüseynov 8 oktyabr 1960-ci ildə Masallı rayonunun Xıl kəndində anadan olmuşdur. 1978-ci ildə burada məktəbi bitirib sovxozda işləmişdir. 1979 - 1981 -ci illərdə Batumidə (indiki Gürcüstan Respublikasında) hərbi xidmətdə olmuşdur. Daha sonra Bakı şəhərində DİN-nin milis nəfəri kimi işə qəbul olunur. Ermənilərin doğma torpaqlarımıza basqınlarını görən Elşad cəbhəyə getmək istəyirdi, bir neçə dəfə müraciətdən sonra o cəbhəyə yola düşür.
Elşad Hüseynov Cuvarlı, Ağbulaq və bir çox başqa kəndlərin azad edilməsində rəşadətlə vuruşmuşdur. Onun şücaəti erməni qəsbkarlarını lərzəyə salmışdı. 15 iyun 1992-ci il döyüşçülərimiz Fərrux kəndini düşməndən azad etməli idilər. 1992-ci il 15 iyunda Ağdam-Fərrux istiqamətində gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Ailəli idi, üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 nömrəli Fərmanı ilə Hüseynov Elşad Eynulla oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Masallı rayonunun Xıl kəndində dəfn edilmişdir.

Keçidlər