İsrailin Azərbaycandakı səfiri Masallıda
15 iyun 2017-ci il tarixdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Masallı rayonunda bir günlük səfərdə olub.
İsrail səfiri və Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla anıblar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan səfirlə işgüzar görüş keçirilib. Qəbul zamanı rayon rəhbəri rəsmi səfərdə olan diplomata İsrail ilə Azərbaycan Respublikası arasında siyasi və iqtisadi əlaqələrin əhəmiyyətindən geniş danışıb və bu əlaqələrin gələcək uğurlu perspektivini qeyd edib. Azərbaycanda əhalisi ən çox sıx və böyük olan Masallı, rayonun tarixi, coğrafi mövqeyi, əhalisi və iqtisadiyyati barədə ətraflı məlumat verib, aqrar sahənin dirçəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb, xüsusilə rayon üçün ənənəvi olan çəltikçiliyin inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, rayonun turizm potensialından və.s məsələlərdən bəhs edib. Natiq qeyd edib ki, Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin hər gəlişi Masallıda çox mühüm obyektlərin istifadəyə verilməsi, yeni infrastrukturların qurulmasının planlaşdırılması və rayonun gələcək inkişafı üçün tövsiyələri ilə tarixə düşür. 2016-cı ilin sentyabr ayının 3-də rayonumuza səfəri çərçivəsində Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin, “ ASAN həyat ” kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbi, Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib.
Səfir Dan Stav yüksək qonaqpərvərliyə görə Masallı RİH başçısı cənab Rafil Hüseynova təşəkkürünü bildirib. Qeyd edib ki, səfir Dan Stav 2015-ci il avqust ayından İsrail Dövlətinin Azərbaycan Respublikasındakı missiyasına rəhbərlik edir. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə qurulub. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir.
İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. Azərbaycanın sülhsevər və çoxmillətli ölkə olduğunu vaxtilə ümummilli lider Heydər Əliyev yəhudilərin əsrlər boyu burda azərbaycanlılarla dost və mehribancasına yaşadığını qeyd edib:
"Yəhudilər azərbaycanlılarla birlikdə Azərbaycanda əsrlər boyu dostluq, mehribanlıq şəraitində yaşayıblar. Bu gün də yəhudilər Azərbaycanın tam bərabər hüquqlara malik vətəndaşlarıdır və Azərbaycan onlar üçün doğma vətəndir. Bunların hamısı bizim əməkdaşlığımız üçün yaxşı imkan yaradır."
İki ölkə arasında münasibətlərin inkişafına Azərbaycan Prezidenti cənab İlham Əliyev də diqqətlə yanaşır. Onun İsrail dövlət başçıları ilə, əsasən də Şimon Pereslə bir sıra görüşləri olub. Prezidentlər İlham Əliyev və Şimon Peres 2006-cı ilin iyun ayında Astanada (Ş. Peres o zaman İsrail Baş Nazirinin müavini idi), 10 avqust 2008-ci il tarixində Pekində Olimpiya Oyunlarının açılış mərasimi zamanı və 30 yanvar 2009-cu ildə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda görüşüblər.
Masallıdakı rəsmi görüşdə İsrail-Azərbaycan münasibətləri barədə də danışılıb. Cənab Dan Stav Azərbaycanın sabitlik məkanı olmasının, xalqların sülh və əmin-amanlıq şəraitində birgə yaşamalarının önəmini qeyd edib. Diplomat Azərbaycanda olduğu qısa vaxt ərzində bunun şahidi olmasından məmnunluğunu ifadə edib. Səfir Azərbaycanda mövcud olan tolerantlığın ölkəsində yüksək dəyərləndirildiyini deyib. Səmimi görüşə görə İcra başçısına təşəkkürünü bildirən səfir İsrail-Azərbaycan dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından razı qaldığını və bu əlaqələrin daha da möhkəmlənməsi arzusunda olduğunu diqqətə çatdırıb. Bu əlaqələrin genişləndirilməsi məqsədi ilə çalışacağını söyləyib.
Rəsmi hissədən sonra Masallı şəhərini gəzən İsrail səfiri buranın gözəlliyinə heyran qalıb. Səfir Dan Stav səfər zamanı Masallının bir çox gəzməli və görməli məkanlarını ziyarət edib. Heydər Əliyev Parkında rəsmi qonağın şərəfinə məşhur “Halay” folklor və məktəbli oğlanlardan ibarət rəqs qrupu geniş proqram nümayiş etdirib.
Diplomat rayona səfəri çərçivəsində Masallının mədəniyyət, turizm , istirahət guşələri, istehsal müəssisələri ilə tanış olub. Diplomat Masallı şəhərindəki Heydər Əliyev Mərkəzi, uşaq-incəsənət məktəbi, Bayraq Meydanı, Azərbaycanın Dövlət Rəmzləri və Tarix-Diyarşünaslıq muzeyləri, “ASAN həyat” kompleksi, "EMBAVOOD" mebel fabriki, “Viləş” “İstisu”, “Beş qardaş” istirahət mərkəzini gəzib.
Masallı muzeylərində foto stendlər, insanlar və tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Səfir muzeylərlə tanışlıq zamanı ölkəmizdə və rayonumuzda belə muzeylərin olmasından fəxr hissi duyduğunu bildirib, diqqətlə tamaşa edib. Səfir Dan Stav xatirə kitablarına ürək sözlərini yazıb və Masallıdan, masalılılarla xatirə şəkilləri çəkdirib.
İsrail səfirini müşayiət edən “Yeni həyat” qəzetinin əməkdaşlarına müsahibəsində səfər təəssüratları barədə danışan səfir deyib: “Azərbaycanın çox böyük əhəmiyyətə malik bölgəsi olan Masallı rayonunda gördüklərim məndə xoş təəssürat yaratdıı. Xüsusilə də tikinti-quruculuq işlərinin yüksək səviyyədə olması, gözəl tikintilər və parklar, istirahət mərkəzləri, Qəriblər kəndində, uca dağlar qoynunda müalicəvi İstisuyun mövcudluğu məhz gözəl və yaraşıqlı Masallı rayonunun yüksək inkişafının və turizm potensialının göstəricisidir. Çalışacağam ki, bu yerlərə bir də gəlim”.
RİH başçısı R.Hüseynov İsrail səfirinə xatirə olaraq sandıq, zənbil, Masallı haqqında fotoalbom hədiyyə edib.
Görüş və Masallı ilə tanışlıq “Viləş” istirahət mərkəzində, cay süfrəsi arxasında səmimi dialoq şəraitində başa çatıb.