Masallı rayonu Təzəkənd kəndində Şəhid abidəsinin açılşı
Rövşən Sahib oğlu Nəbiyev Təzəkəndin qürur və fərəh yeri, qəhrəmanlıq ünvanıdır. İyunun 2-də kənd sakinləri də, rayon ictimaiyyətinin nümayəndələri də onun xatirəsini yad etməyə, abidəsinin açılışına gəlmişdilər.
R.Nəbiyevin adını daşıyan məktəbdə keçirilən tədbiri RİH başçısının Təzəkənd ərazi dairəsi üzrə nümayəndəsi Hüseyn Əliyev açmışdır.
RİH başçısı Rafil Hüseynov və şəhidin anası Atlas xanım toplaşanların alqışları altında abidənin açılışını etmişlər.
Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Rövşən Nəbiyev kimi qəhrəman şəhidlərimiz barədə ürək sözlərini ifadə edib demişdir:
-Dünyada ən böyük abidələrin hündürlüyü metrlərlə ölçülür. Amma Rövşən kimi şəhid oğullarımız elə yüksək zirvə fəth etmişlər ki, oradan dünya görünür.
Hər bir Azərbaycan övladı Rövşən kimi qəhrəman oğullardan nümunə götürür, eləcə də təzəkəndlilər.
SHXÇDX rayon şöbəsinin rəisi, polkovnik Rəsul Quliyev, şəhidin müəllimi Hüseyn Abuşov, döyüş yoldaşı İlham Qurbanov, sinif yoldaşı Qarabağ döyüşləri iştirakçısı Fuad Ağayev, Axund Hacı Əlihəsən Rövşəni vətənpərvər, qeyrətkeş, hünərvər oğul kimi dəyərləndirdilər.
Şəhidin anası övladına göstərilən ehtiram üçün ölkə və rayon rəhbərinə minnətdarlıq etmişdir.
Şəhidin ruhuna dualar oxunmuş, abidəsi önünə tər çiçəklər qoyulmuşdur.