Masallı Viləş uşaq bağçasında "01 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" qeyd olundu
“Viləş” uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilmişdir
1 iyun 2017-ci il tarixdə Masallı şəhər “Viləş” uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirdə rayon ərazisindəki körpələr evi və uşaq bağçalarının fidanları, tərbiyəçi-müəllimləri, valideynlər iştirak etmişdir.
Tədbiri “Viləş” uşaq bağçasının müdiri Fidan Qasımova giriş sözü ilə açmış, tədbirin proqramı haqqında məlumat vermişdir.
Masallı rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova RİH başçısı Rafil Hüseynovun adından iştirakçıları salamlayaraq, uşaqları təbrik etmişdir. Natiq çıxışında bildirmişdir ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Ümummilli lider Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Ulu öndərin bu sevgisini, humanist ideyalarını layiqincə yaşadır.
Sonra tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirilmişdir. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaratmışdır.
Tədbirin sonunda uşaqlara hədiyyələr paylanmışdır.