Masallıda tütünçülük inkişaf etdirilir
Bir vaxtlar taxılı, bostanı, tərəvəzi, kartofu ilə şöhrət tapan Muğan torpaqlarında indi tütün də yetişdirilir.
Ötən il təsərrüfatın yeni sahəsinə –tütünçülüyə başlayan xırmandalıların ilk addımı uğurlu oldu. Qəbul məntəqəsinə keyfiyyətli məhsul göndərildi. Tütünçülüyin ilk təşəbbüsçüsü Xırmandalı kənd ərazi nümayəndəsi Məhərrəm İbrahimovdur. O, keçən il istehsal etdiyi məhsulla yanaşı, rayonda yığılan tütünü də qəbul məntəqəsinə çatdırmaqda böyük zəhmət çəkmişdir.
Kəndin rəhbəri bu il də rayonda ən çox tütün əkənlərin cərgəsindədir. Ərazi nümayəndəsi ilə sahədə görüşürəm. Qız-gəlinlər tütün yığır, digər fəhlələr isə suvarma ilə məşğuldur. Sərraf motoru işə salır. Viləşdən gələn su sahədəki kiçik kanallara axır. Cəlil də suyu bitkilərin dibinə səmtləşdirir. Bir az aralıda isə ərazi nümayəndəsinin adlarını çəkdiyi Həcər, Gülnarə, Səbinə, Həbibə yarpaqları bir-bir dərib üst-üstə yığır. Məhsul isə boldur. Yığım sentyabrın sonuna kimi davam edəcək.
Xırmandalı kənd ərazi nümayəndəsi Məhərrəm İbrahimov deyir ki, tütünçülükdə 22 nəfər çalışır. Bu, adamların məşğulluğuna köməkdir. Hazırda talvarlarda 2 ton qurudulmuş yarpaq, 30 ton da yaşıl kütlə var. Yaxın günlərdə qurudulmuş məhsul Şəkiyə yola salınacaq. Burada birinci növ yarpaq 2 manat 20 qəpik, ikinci növ isə 2 manata qəbul edilir.
Ölkə Prezidenti İlham Əliyev bu günlərdə Qaxda keçirdiyi müşavirədə tütünçülüyün vacib, gəlir gətirən sahə olduğunu, onun inkişaf etdirilməsini gündəmə gətirdi. Rəhbərin bu tövsiyə və tapşırığı rayonumuzda inamla həyata keçirilir, başqa ərazilərdə də adamların əmək coşqunluğuna səbəb olur.
Xırmandalıda isə tütünçülüyə maraq daha çoxdur. Adamlar bu gəlirli sahənin inkişafına bundan sonra da diqqət yetirməkdə israrlıdırlar. Bu, kənddə işsizliyin aradan qaldırılmasına, torpağa qayıdışa çox böyük köməkdir.