Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.
02 sentyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsinin açılışında iştirak edib.
“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Bildirildi ki, Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 31-ci kilometrliyindən başlayaraq Astaraya qədər inşa olunan yeni yolun bir çox hissəsində tikinti işləri artıq yekunlaşıb. Yolun ümumi uzunluğu 173,6 kilometrdir. Layihəyə əsasən yeni yol 1-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Yol iki gediş və iki gəliş olmaqla dörd hərəkət zolağından ibarətdir. Yolun hərəkət hissəsinin eni 15 metrdir. Bu avtomobil yolu bir neçə hissə üzrə inşa olunur. Bunlar 25 kilometrlik Yenikənd-Salyan, 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad, 32,2 kilometrlik Masallı-Cəlilabad və 61,4 kilometrlik Masallı-Astara hissələridir. Yolun Salyan-Şorsulu və Şorsulu-Cəlilabad hissələrində işlər sürətlə və yüksək keyfiyyətlə davam etdirilir. Şorsulu-Cəlilabad hissəsində 12,5 kilometrlik yol Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə qaya-daş parçaları gətirilib. Ümumilikdə magistral yolun 55 kilometr uzunluğunda bu iki hissəsi üzrə tikinti işləri gələn il yekunlaşdırılacaq.
Diqqətə çatdırıldı ki, burada işlər texnoloji ardıcıllığa uyğun qaydada aparılıb. Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 32,2 kilometrlik Masallı-Cəlilabad hissəsi müasir səviyyədə yenidən qurulub. Avtomobil yolunun tikintisi Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq aparılıb. Yol birinci texniki dərəcəyə aiddir. Dörd hərəkət zolaqlı yolun eni 26,5 metrdir. Layihəyə əsasən, yol boyu 14 yeni körpü və 2 tunel də tikilib, 5 yerdə mal-qara keçidi yaradılıb. Hazırda mövcud olan Ələt-Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometrdir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38 kilometr qısalaraq 205 kilometr olacaq.
Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Böyük iqtisadi və sosial əhəmiyyəti ilə seçilən bu layihənin həyata keçirilməsi bölgədə turizmin və kənd təsərrüfatının inkişafına da öz töhfəsini verəcək. Bundan başqa, bu layihənin icrası şimaldan cənuba doğru və əks istiqamətdə yükdaşımaların həcmini artıracaq, Şimal-Cənub dəhlizinin əsas elementlərindən biri olan Ələt-Astara avtomobil yolu ilə daşımaların daha rahat şəkildə həyata keçirilməsinə hərtərəfli şərait yaradacaq.
Sonda xatirə şəkli çəkdirildi.