Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafına dair müşavirə

07 sentyabr 2017 | 16:00

07 sentyabr 2017-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində keçirilən çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafına dair respublika müşavirəsindən irəli gələn məsələlərin Masallı rayonunda icrası ilə bağlı rayon müşavirəsi keçirilmişdir.

Tədbiri açıq elan edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov respublika Prezidentinin cənub bölgəsinə səfərindən, eləcə də Lənkəran şəhərində keçirilən müşavirənin əhəmiyyətindən, qarşıda duran vəzifələrdən danışmışdır. Rayon rəhbəri sadalanan ənənəvi kənd təsərrüfatı sahələrinin rayonumuzdakı davamlı inkişafından bəhs etmiş, bildirmişdir ki, rayon üzrə 24 929 ha əkinə yararlı torpaq sahəsi mövcuddur. Ondan əsasən çay və sitrus bitkiləri üçün yararlı olan 9 000 hektar turş torpaqlar uzun müddətdir ki, əkilmir. Həmin sahələr ya mülkiyyətçi tərəfindən örüş-otlaq sahəsi kimi istifadə olunur, ya da əraziləri kol-kos basmışdır.
Hazırda əkinlərin 7775 hektarını taxıl sahələri təşkil edir. Bu ilə qədər dənli bitkilər altında 12-15 min hektar torpaq sahələri olmuşdur. Lakin bölgənin torpaq-iqlim şəraiti az əməktutumlu olan taxılçılıq sahəsini səmərəsiz və əsasən qeyri-rentabelli edir. Belə ki, 8 min ha taxıl sahəsində cəmi 80-100 iş yeri yaranır, ümumi gəlir 4 mln manatı keçmir. 1000 ha çay sahəsində isə 3000 iş yeri yaranmaqla 5 mln manatdan artıq xalis gəlir əldə etmək mümkündür. Məhsulun xarici bazarlara çıxarılması imkanları genişdir. Təkcə ölkənin çaya tələbatı 9000 ton, xarici bazarlara ixrac imkanları bəzi hesablamalara görə 8000-10000 tondur. Ölkə üzrə çay istehsal isə daxili tələbatın 10%-ni təşkil edir.
Əvvəllər rayon ərazisində 3324 hektarda çay plantasiyaları mövcud olmuşdur ki, ondan bar verən çay kolları sahəsi isə 2159 hektar olmuşdur. Çay plantasiyalarından 8492 ton yaş yarpaq toplanmış və rayon ərazisində mövcud olmuş 5 çay fabrikində emal edilərək 3 min ton quru çay  istehsal olunurdu. Hazırda rayon ərazisində 43 hektar çay plantasiyası mövcuddur. Ondan 4 hektar əvvəllər mövcud olmuş sahələr 40 hektarı isə yeni salınmış sahələrdir. Cari ilin sentyabr ayında əlavə olaraq 40 hektar sahədə çay plantasiyası salınacaqdır.
Masallı rayonunda ənənəvi əkinçilik sahələrindən olan çəltikçilik 50-ci illərdən inkişaf etməyə başlamış və 2000-ci ildə 352 hektara çatdırılmışdır. Bundan sonra çəltik əkin sahələri taxıl sahələri ilə əvəz olunmuş və 2016-ci ilə qədər əkin aparılmamışdır. 2016-ci ildə 8,6 ha sahədə çəltik əkilmiş və 2017-ci ildə çəltik əkini 195 hektara çatdırılmışdır.
Cari ildə rayonun müxtəlif əraziləri üzrə səmərəli istifadəsi mümkün olmayan 400 hektara yaxın örüş və kolluq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi hesabına Masallıda tarixi ənənələri və böyük iqtisadi səmərəsi olan yerli çəltik növlərinin əkilməsinə başlanılıb. Keçən il 7 hektarda, bu il isə 195 hektarda üç növ çəltik əkilib, kənardan asılılığı azaltmaq üçün 10 hektarda çəltik toxumçuluğu yaradılıb, müasir texnologiya əsasında yeni çəltik emalı zavodunun tikintisinə başlanılıb. Çəltik əkini ilə bağlı 583 nəfər işlə təmin olunmuşdur. Biçin davam edir və hal-hazıra kimi 200 ton məhsul istehsal olunmuşdur.
Əvvəlki illərdə istehsal olunmuş çəltik  primitiv qaydada qurulmuş 2 çəltik dəyirmanında emal olunurdu. Hazırda rayonda ən müasir avadanlıqlarla təchiz olunan  çəltik dəyirmanının tikintisi davam etdirilir. Yaxın illərdə çəltik sahələrinin 500 hektara çatdırılması gözlənilir ki, bu da 1200 yeni iş yerlərinin açılması deməkdir.
Çəltiyin əkilməsi üçün texnika və avadanlıqlar yox dərəcəsindədir. Suya yüksək tələbatlı olduğu üçün su təminatının yaxşılaşdırılması üçün tədbirlər görülməlidir.
Çəltik sahələrinin genişləndirilməsi ilə əlaqədar imkanlar araşdırılır və gələn il çəltik əkinlərinin iki dəfə artırılaraq 400 hektara çatdırılması nəzərdə tutulur. Ona görə də çəltik və digər əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı rayon ərazisində kiçik sututarlar araşdırılmış və məlum olmuşdur ki, hazırda rayonda 70-dən çox sututar mövcuddur ki, onlardan əvvəllər də suvarma məqsədləri üçün istifadə edilmişdir. Lakin uzun müddətdir sututarlar istismar edilmədiyindən və qorunmadığından onların təmir və bərpasına ehtiyac yaranmışdır.
Bu sututarlar daxili imkanlar və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin bilavasitə yaxından köməyi ilə bərpa olunmasına başlanıb. Bu sututarlar istifadəyə verildikdən sonra əlavə yaranacaq 8-10 milyon kubmetr suvarma suyu ilə ən azı 600-700 hektar tütün və çəltik sahələrini suvarmaq mümkün olacaq.
Əvvəllər Masallı rayonunda cəmi 132 hektar sahədə sitrus bağları olmuşdur ki, onun da 88 hektarını mandarin, 44 hektarını isə feyxoa bağları təşkil etmişdir. Bu bağlardan il ərzində 2200 ton mandarin, 473 ton feyxoa toplanmışdır. Hazırda rayonda yeni salınmış 1,5 ha mandarin, 6 ha kivi və 15 ha feyxoa bağları mövcuddur. Bu bağlardan il ərzində 80 ton kivi, 50 ton feyxoa  yığılır.     
Masallı rayonunun torpaq iqlim şəraitində bu sahənin inkişaf perspektivləri böyükdür. Belə ki, rayon ərazisində ilkin olaraq 100, sonrakı dövrdə 500 hektar sahədə sitrus bağlarının salınması imkanları mövcuddur. Bir hektar sitrus bağı 20 min manata yaxın gəlir verir.
Masallı rayonu vaxtilə tərəvəzçilik və çayçılıq üzrə ixtisaslaşmışdır. Belə ki, rayon ərazisində əvvəllər 6,0 min hektara yaxın sahədə tərəvəz bitkiləri əkilmiş və 170 min ton məhsul istehsal olunmuşdur. 2017-ci ildə isə rayon ərazisində 2221 hektar sahədə   tərəvəz əkilmiş və cəmi 35348 ton məhsul istehsal olunmuşdur.
Rayon ərazisində əvvəllər 2935 hektar sahədə kələm əkilmiş və 90000 ton məhsul istehsal olunmuşdur. 2017-ci ildə isə cəmi 14 hektar sahədə kələm əkilmiş və 480 ton məhsul istehsalı gözlənilir. Faraş kələm əkinin genişləndirilməsi üçün ilk növbədə istehsal olunan məhsulun satışı və ixracı prosesində mövcud problemlərin aradan qaldırılması vacibdir. Bu problemlər aradan qaldırılarsa Masallıda ilkin mərhələdə 1000 ha sahədə kələm əkini mümkündür ki, bu da 3000-ə yaxın yeni iş yerinin yaranması deməkdir.
Əvvəlki dövrlərdə Masallıda 2345 hektar pomidor sahəsi əkilmiş və 72000 ton məhsul istehsal olunmuşdur. Hazırda rayonda 567 hektar sahədə pomidor əkilmiş və 17000 tona yaxın məhsul istehsalı gözlənilir. Məhsulun satışı və tədarükü təşkil olunarsa rayonda 2000 hektar sahədə  pomidor əkilməsi mümkündür ki, bu da təxminən 5500 nəfər yeni iş yeri deməkdir.
Əvvəlki illərdə rayonda 2000 hektardan çox üzüm bağları mövcud olmuşdur ki, buradan 35000 tona yaxın məhsul istehsal olunmuşdur. Rayon ərazisində yerləşən 2 üzüm emalı zavodunda bu məhsullar emal olunaraq  hazır məhsul ixrac olunmuşdur.
Hazıda rayon ərazisində ümumilikdə 21 hektar üzüm bağları mövcuddur ki, buradan 400 tona yaxın məhsul istehsal olunur. İlkin mərhələdə 1000 hektar sahədə üzüm bağlarının salınması mümkündür ki, bu da 2500-ə yaxın yeni iş yerlərinin açılmasına səbəb olacaqdır. Bunun üçün rayonda üzüm emalı müəssisələrinin tikintisi və hazır məhsulun ixrac olunması üçün tədbirlər görülməlidir.  
Rayonun ənənəvi əkin sahələrindən olan  tütünçülük 2000-ci illərədək mövcud olmuş və  1999-cu ildə 343 hektar sahədə tütün əkilmişdir. Məhsulun tədarükündə və suvarılmasındakı problemlər səbəbindən 2001-ci ildən başlayaraq rayon ərazisində tütün əkini  dayandırılmışdır. 2016-cı ildə bu sahə yenidən bərpa edilmiş və 14 hektar sahədə tütün əkilmişdir. Bu il tütün sahələri genişləndirilərək 32.5 hektara çatdırılmışdır.
Bu günə kimi 14,2 ton tütün qurudularaq təhvil verilmişdir. Ondan 3,5 ton Şəki şəhərində yerləşən “İlham” MMC-yə, 10,7 ton isə Masallı rayonunda “Lik”MMC-yə təhvil verilmişdir. Yaxın günlərdə rayon ərazisində tütün qurutma kombinatı və tütün qəbulu məntəqəsinin açılması gözlənilir ki, buda tütün sahələrinin genişlənməsinə səbəb olacaqdır.
Kartof əkini rayonun kənd təsərrüfatında əsas yerlərdən birini tutmasına baxmayaraq son illərdə bu sahədə azalma müşahidə olunur. Kartofçuluq kənd təsərrüfatının ən gəlirli sahələrindən biridir və bu sahənin genişləndirilməsi üçün lazımi imkanlar mövcuddur. 2017-ci ildə cəmi 940 hektar kartof əkilmiş və 16258 ton məhsul əldə edilmişdir ki, bu da yetərli deyildir. Kartof sahələrinin ilkin mərhələdə 1500 hektara çıxarılması əsas hədəflərdəndir.
Bu il Masallı rayon ərazisində ümumilikdə 205 hektar baş soğan, 107 hektar sarımsaq, 456 hektar noxud, mərci, 654 hektar badımcan, 130 hektar bibər, 120 hektar çiyələk və sair bitkilər əkilmişdir. İstehsal olunan məhsulların satışında heç bir problem olmamışdır. Xüsusilə də sarımsaq və noxud daha yüksək qiymətə tədarük edilmişdir. Bu məhsullar xaricə, o cümlədən körfəz ölkələrinə ixrac edilməyə başlanmışdır. Ona görə də bu əkin növlərinin genişləndirilməsi faydalıdır.
2017-ci ildə Masallı rayonunda baramaçılığın inkişafı ilə əlaqədar bölgüyə uyğun olaraq bu ilki mövsümdə 20 qutu barama qurdunun toxumu gətirilib, kümçülərə  paylanmışdır. İstehsalçılar tərəfindən tədarük edilmiş 480 kq məhsul “Şəki-İpək” ASC-yə təhvil verilmişdir. Gələcək illərdə rayon ərazisində baramaçılığın genişləndirilməsi nəzərdə tutulur. Bu məqsədlə mövcud olan tut bağlarının qorunması və genişləndirilməsi ilə bağlı müvafiq tədbirlər görülür.
Masallıda əhalinin 73 %-ə yaxını kəndlərdə yaşayır və onların yeganə gəlir mənbəyi torpaqdır. Ona görə də burada torpaqdan səmərəli istifadə olunmaqla kənd təsərrüfatının inkişafı çox böyük əhəmiyyət daşıyır ki, bu prosesdə suvarma məsələləri həlledici rol oynayır.
Rayon üzrə 24 964 ha əkin sahəsinin 17 000 hektarı suvarılan torpaqlardır.  Ərazidə əkinlərin suvarılması 46 mln kub.m su tutumu olan Viləşçay su anbarı və 3,0 mln kub.m su tutumu olan Babaser su anbarı vasitəsi ilə aparılır. Lakin faktiki olaraq rayon üzrə 9 892 ha torpaq sahəsi (40 %) suvarma suyu ilə təmin edilir.  Suvarılan sahələrin 4 500 ha qapalı şəbəkələr vasitəsilə (bu sistem əsasən sıradan çıxmışdır), 5 392 ha isə açıq torpaq kanallar vasitəsilə suvarılır.
Viləşçay su anbarının ikinci növbəsinin, eləcə də 20 100 ha əkin sahələrinin su təminatı üçün suvarma şəbəkəsi, 7 800 ha sahədə isə kollektor-drenaj şəbəkəsinin tikintisinin həyata keçirilməsi üçün təxminən 250,0 mln manat vəsait tələb olunur. Təklif Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən öyrənilərək müsbət qiymətləndirilmişdir.
Regionda faraş tərəvəz, giləmeyvə və siturus bitkiləri əkinlərinin genişləndirilməsi Masallıda ən azı 5000 ton tərəvəz, 5000 ton meyvə saxlama gücünə malik soyuducu anbardan, topdan və pərakəndə satış-ekspozisiya zalından, habelə bu məhsulların ilkin emalı üçün müəssisədən ibarət kompleks – “Yaşıl bazar”ın tikilməsi zərurətini yaratmışdır. İqtisadi İnkişaf nazirliyi bu layihələri dəstəkləmiş və onların həyata keçirilməsi istiqamətində yerli sahibkarlarla işləri davam etdirir. 
Tərəvəz əkini sahələrinin genişləndirilməsi, saxlama, çeşidləmə, qablaşdırma və nəqletmə kompleksinin qurulması ilə yaxın vaxtlarda Masallının və regionun faraş tərəvəzinin təkcə yerli bazarlara deyil, yenidən böyük həcmdə ənənəvi qonşu ölkələrin bazarlarına da çıxarılmasına imkan yaranacaqdır. 
Müşavirədə həmçinin Masallı Rayon Kənd Təsərrüfatı İdaərisinin rəisi Seymur Nuriyev, Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyev, RİHB-nın Şərəfə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Valeh Seyfullayev, Əhmədli kənd sakini, fermer Hadı İsmayılov, Tüklə kənd sakini, fermer Əbdül İsmayılov, Kolatan kənd sakini, fermer Etibar Sadıqov, Aida İsayevanın çayçılıq-tingçilik təsərrüfatının rəhbəri Mübariz Abuşov çıxış etmişlər.
Müşavirəni yekunlaşdıran Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Masallıda çay, çəltik və sitrus meyvələrinin istehsalının inkişafı, eləcə də fəaliyyəti dayandırılmış kənd  təsərrüfatı məhsulları emal edən müəssisələrin fəaliyyətinin yenidən bərpa olunması istiqamətində görüləcək işlərin rayonda aqrar sektorun inkişafına, yeni iş yerlərinin açılmasına böyük təkan verəcəyinə əminliyiyini bildirmişdir.

Keçidlər