Masallıda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir
12 sentyabr 2017-ci il tarixdə Masallı şəhər Mədəniyyət Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Konfransı giriş sözü ilə rayon təhsil şöbəsinin müdiri Tariyel Əkbərov açmışdır.
Azərbaycanın Dövlət Himni səslənmişdir.
RTŞ-nin müdiri T.Əkbərov 2016-2017-ci dərs ilinin yekunları və 2017-2018-ci dərs ilində qarşıda duran vəzifələr barədə məruzə etmişdir.
Natiq bildirmişdir ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən 19 dekabr 2012-ci ildə qəbul olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası gələcəyə doğru istiqamətlənmiş mühüm sənəd kimi RTŞ-də müzakirə olunmuş, müasir təhsil sisteminin formalaşdırılması strateji vəzifə kimi götürülmüşdür.
Prezidentin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təhsilimiz üçün mühüm həyati əhəmiyyət daşıyan və onun gələcəyini müəyyən edən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təsdiq olunub. Dövlət başçısının 19 yanvar 2015-ci il tarixli sərəncamına əsasən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlər Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı” qəbul edilmişdir. Fəaliyyət Planında təhsilimizin inkişafı, bir daha yenilənməsi istiqamətində çox mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur.
Təhsilimizin inkişafında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətləri böyükdür. ”Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək” və digər layihələrin uğurla həyata keçirilməsi Masallı təhsilində də öz təsirini göstərmişdir.
Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevin təhsil sahəsinə göstərdiyi qayğı, təhsil naziri cənab Mikayıl Cabbarovun təhsilin inkişafı naminə həyata keçirdiyi çox mühüm işlər, təhsilin ayrı-ayrı sahələri üzrə Dövlət Proqramının yerinə yetirilməsi istiqamətində görüləcək işlərin icrası Masallı Rayon Təhsil Şöbəsi tərəfindən əsas strateji iş planı kimi qəbul edilmiş, əaliyyət planı hazırlanmış, icrası əsasən yerinə yetirilmişdir.
Masallı təhsil sisteminin qısa mənzərəsi belədir: 65 tam orta ümumtəhsil məktəbində 23042 , 30 ümumi orta məktəbdə 3626, 3 ibtidai məktəbdə 61 şagird təhsil alır.
Cəmi 26729 şagirdin təlim-tərbiyəsi ilə 2472 müəllim məşquldur. Şagird-müəllim nisbəti 10 : 1 kimidir.
3 məktəbdənkənar tədris müəssisəsi fəaliyyət göstərir: Uşaq-Yeniyetmələr Yaradıcılıq Mərkəzi – 17 qrupda 194, Uşaq Gənclər İdman Məktəbi – 23 qrupda 276, Uşaq- Gənclər Şahmat Məktəbi – 19 qrupda 194 şagird məşğələlərə cəlb edilmişdir.
2016/2017-ci tədris ilində IX və XI siniflər üzrə buraxılış imtahanlarında IX siniflər üzrə 13 və XI siniflər üzrə 11məktəb yaxşı nəticə göstərmişdir.
Buraxılış imtahanlarında zəif nəticə qazanmış məktəblərin keyfiyyət göstəriciləri Rayon təhsil şöbəsinin şura iclasında geniş müzakirə edilərək təhlillər aparılmış və məktəb rəhbərlərinə töhmət verilmişdir.
Bu tədris ilində fənn olimpiadalarına hazırlıq əsas məsələlərdən biri olmuşdur. Lənkəranda respublika fənn olimpiadasının zona üzrə yarımfinal mərhələsində, Masallıdan 67 şagird iştirak etmişdir. Bunlardan 5 nəfəri respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır. Final mərhələsinə vəsiqə qazanan şagirdlər rayon təhsil şöbəsində hədiyyə və fəxri fərmanlarla təltif edilmişlər. Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Bayramlı Sərhəd Möhübbət oğlu Respublika fənn olimpiadasının final mərhələsində coğrafiya fənni üzrə III yerə layiq görülərək bürünc medalla təltif edilmişdir. O, eyni zamanda məktəbi qızıl medalla bitirmişdir. Rayon üzrə daha 3 məktəbli XI sinfi bitirmək haqqında fərqlənmə attestatı almışdır.
Bakıda keçirilmiş “Əlaçı” intellektual bilik yarışında Çaxırlı kənd tam orta məktəbinin şagirdi Qardaşbəyli Zamin Müşviq oğlu, Qəriblər kənd tam orta məktəbinin X sinif şagirdi Əliyeva Şəfa Baxış qızı və Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbinin X sinif şagirdi Fəttayeva İradə Valeh qızı iştirak etmişlər.
Cəlilabadda təşkil edilmiş rus dili və ədəbiyyatı olimpiadasında Masallı şəhər 2 nömrəli tam orta məktəbinin VIII sinif şagirdi Qasımova Pərvin Firdovsi qızı qalib olmuş və Fəxri fərman almışdır.
Masallı təhsil sistemində uğurların qazanılması Masallı Rayon İcra Hakimiyyətinin təhsilə göstərdiyi qayğının və diqqətin nəticəsidir.
Rayonun ümumtəhsil məktəblərində IX və XI siniflərdə buraxılış imtahanlarının nəticələri RİH yanında keçirilən şura iclasında geniş müzakirə edilmiş, yol verilmiş nöqsanlar təhlil edilmiş və bununla əlaqədar rayon rəhbərinin verdiyi tövsiyə və təkliflər gələcək işlərimizdə əsas götürüləcəkdir.
2017/2018-ci tədris ilində rayon üzrə ali məktəblərə sənəd verən 721 şagirddən qəbul olunanların sayı 448 nəfər olmuşdur. Onlardan qızların sayı 152 nəfər təşkil edir. Belə ki, 62 abituriyent 500-600, 30 abituriyent isə 600-700 arası bal toplamışdır. Orta ixtisas məktəblərinə 380 nəfər sənəd vermiş, ilkin məlumata görə 160 abituriyent tələbə adını qazanmışdır. Rayonun Sığıncaq, Yeddioymaq 1 nömrəli və Hüseynhacılı kənd tam orta məktəblərində bir abituriyent də ali məktəbə qəbul olmamışdır.
2014/2015 və 2015/2016-cı tədris illərində rayonun Yeni Zuvand, Masallı qəsəbə, Təklə, Köçəkli, Musaküçə kənd tam orta, eləcə də Ərəb və Zuvandlı kənd ümumi orta məktəblərində IX sinif şagirdləri buraxılış imtahanlarında göstəricilərində geriləmə müşahidə olunmuşdusa, 2016/2017-ci tədris ilində təkcə Köçəkli kənd tam orta məktəbində geriləmə yenə mövcuddur.
XI siniflər üzrə Qodman, Köçəkli, Həsənli və Musaküçə kənd tam orta məktəblərində geriləmə müşahidə edilmiş, 2016/2017-ci dərs ilində geriləmə olmamışdır.
IX siniflər üzrə isə “Dəfinə” məktəb-liseyi, Lürən, Sərçuvar, Miyankü, Binə Xocavar, Hacıtəpə kənd tam orta, eləcə də Bala Təklə, Ərikivan qəsəbə 5 nömrəli və Dəlləkoba kənd ümumi orta məktəbləri 80%-dən çox nəticə əldə etmişlər. Məmmədxanlı kənd ümumi orta məktəbində isə nəticə 100% olmuşdur.
Ərkivan qəsəbə 3 nömrəli, Təklə, Xırmandalı, Təzəkənd, Sığıncaq, Yeddioymaq 2 nömrəli, Seybətin tam orta məktəblərində IX siniflər üzrə keyfiyyət faizi 30-dan aşağıdır.
Bala Kolatan,”Dəfinə” məktəb-liseyi, Rüdəkənar, Hişkədərə, Təzə Alvadı kənd 1 nömrəli tam orta məktəblərində XI siniflər üzrə buraxılış imtahanlarının nəticələri 65 %-dən yuxarı, Miyankü tam orta məktəbində isə müvəffəqiyyət faizi 100% olmuşdur.
“Dövlət ümumtəhsil müəssisələrində çalışan müәllimlәrin bilik vә bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsi aparılan müəllimlərin dərs yükünün və əmək haqqının artırılması haqqında”Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamına uyğun olaraq rayon müəllimlərindən 2433-ü bilik vә bacarıqlarının diaqnostik qiymәtlәndirilmәsindә iştirak etmiş, onlardan 2407 nəfəri qiymətləndirmədən keçmiş, 28-i isə keçə bilməmişdir. Daha sonra isə 189 müəllim, eləcə də qiymәtlәndirmәdən keçə bilməyən 28 müəllimdən 27-si qiymәtlәndirmәdən keçmişdir.
Nəticə göstərmişdir ki, müəllimlərin əksər hissəsinin ixtisas və metodiki hazırlıq səviyyəsi yüksək, bəzilərinin isə nisbətən zəif olmuşdur.
Möhtərəm Prezident cənab İlham Əliyevin respublika təhsilinə göstərdiyi qayğının nəticəsi rayonumuzda da daha yüksək səviyyədə hiss olunmaqdadır. 2016/2017-ci tədris ilində Şatıroba kəndində 180, Çayqıraq kəndində 140, Dəlləkoba kəndində 140 və Zuvandlı kəndində 120 yerlik müasir standartlara uyğun məktəb binaları tikilib şagirdlərin istifadəsinə verilmişdir.Yeni dərs ilində Təhsi lNazirliyinin əsaslı Tikinti və Təhcizat idarəsi tərəfindən rayonun Sirəbil, Əhmədli ümumi orta , Təzə Alvadı 2 nömrəli, Qasımlı və Güllütəpə tam orta məktəblərində cari təmir işləri aparılır. 2017/2018-ci dərs ilində Azərbaycan Kənd İnvestisiya layihəsi tərəfindən rayonun Mololon, Kubin və Ləngan kəndlərində yeni məktəb binası tikilib şagirdlərin istifadəsinə veriləcəkdir. Meşəkənarı kəndində isə modul tipli yeni məktəb binası tikilmiş, Xallıcalı və Təkdam kənd ümumi orta məktəbləri üçün bu tip məktəblərin tikilməsi nəzərdə tutulmuşdur.
İdman sahəsində həmişə olduğu kimi bu tədris ilində də voleybol və şahmat üzrə yüksək nəticələr əldə edilmişdir.
Qızların erkən ailə qurması cəmiyyətə bəla gətirir. Rayonumuzda bu neqativ hala qarşı mübarizə aparılır. Belə ki, RTŞ-in, rayon Mərkəzi Xəstəxanasının və RİH-in nümayəndələri ilə məktəblərdə “Erkən nikahlar və onların acı nəticələri” mövzusunda maarifləndirici tədbirlər həyata keçirilmişdir.Tədbirlərdə erkən nikahın fəsadları, qızların hüququnun pozulması, onların sağlamlığına ciddi təhlükəsi barədə geniş müzakirələr aparılmışdır.
Yeni dərs ilində qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan işlər də çoxdur. “Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə əlaqədar təhsil işçiləri qarşısında böyük vəzifələr qoyulmuşdur. Bu
vəzifələrin icrası ilə bağlı fəaliyyət planında şura iclaslarında həmin məsələnin məktəb rəhbərlərinə çatdırılması, pedaqoji mühazirələrin keçirilməsi və sair məsələlər öz əksini tapmışdır.
Keçriləcək bölmə iclaslarında “Ümumi təhsildə keyfiyyət ili “elan olunması ilə bağlı müvafiq tapşırıqlar veriləcəkdir .
Masallı Rayon Təhsil Şöbəsi əmin edir ki, bundan sonra da işini müasir tələblər səviyyəsində quracaq, tədrisin keyfiyyətinin yüksəldilməsi üçün bütün imkan və bacarığını sərf edəcəkdir.
Miyənkü tam orta məktəbinin direktoru Xudaqulu Tahirov, Məmmədxanlı kənd ümumi orta məktəbinin müəllimi Elşən Əliyev, Sığıncaq tam orta məktəbində bu il müəllimliyə başlayacaq Əsmər Adıgözəlova, Təzə Alvadı tam orta məktəbinin qızıl medallı və qızıl attestatlı məzunu, qəbul imtahanlarından 677 bal toplamış Sərhəd Bayramlı, qəbul imtahanlarından 637 bal toplamış, Sığdaş tam orta məktəbinin məzunu Şəfa Sadıqova, təhsil İnstitutunun şöbə müdiri İlham Cavadov çıxış edərək konfransa mövcud problemləri təhlil etmiş, yeni dərs ilində qarşıda duran vəzifələri, arzu və istəklərini diqqətə çatdırmışlar.
İ.Cavadov diqqəti ölkə təhsilində həyata keçirilən islahatlara, məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsinə, məktəblərarası təcrübə mübadiləsi keçirilməsinə, istedadlı şagirdlərin aşkarlanmasına yönəltmişdir.
Masallı RİH başçısı cənab Rafil Hüseynov geniş nitqində müəllimləri təbrik etdib konfransın işinə uğurlar arzuladı, tövsiyələrini verdi. RİH başçısı rayon təhsilinin bəzi məqamlarına toxundu, bu sahədəki uğurları təqdir edib çatışmazlıqlardan danışdı, təhlillər verdi. Göstərdi ki, ölkədə olduğu kimi Masallıda da hər il yeni məktəblər tikilib istifadəyə verilir, bəziləri əsaslı təmir olunur. Masallının iqtisadi və mədəni inkişafı təhsilin səviyyəsinə də müsbət təsir göstərir. Son illərdə rayonda 50-ə qədər məktəb yenidən tikilib və ya əsaslı təmir olunub, məktəblərdə əlavə sinif otaqları, modul tipli məktəblər tikilib. Məktəblərin maddi-texniki bazasının möhkənləndirilməsi də göz qabağındadır. Şagird-müəllim, müəllim - şagird münasibətləri düzgün qurulmalıdır. Təhsil prosesində davamiyyət məktəbdən, məktəb rəhbərindən, müəllimlərdən və valideynlərdən asılıdır. Biz ökənin gələcəyini hazırlayırıq.
Bir qrup qabaqcıl müəllimə və Miyənkü kənd tam orta məktəbinin pedaqoji kollektivinə Masallı Rayon İcra Hakimiyyətinin, təhsildə fərqlənən bir qrup müəllim və şagirdə RTŞ-in Fəxri fərmanı verildi.
Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevə müraciət qəbul olundu.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.