Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda ictimai dinləmə keçirilmişdir

31 may 2013 | 15:00

Mayın 30-da Masallı şəhərindəki Gənclər Mərkəzində “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın təbliği və tətbiqi, seçki hüququ məsələlərinin müzakirəsinə həsr olunmuş ictimai dinləmələr keçirilmişdir.

Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, ərazi icra nümayəndələrinin, bələdiyyələrin, QHT-lərin, KİV-lərin, ictmaiyyətin nümayəndələri, rayon sakinləri iştirak etmişlər.

 Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tədbiri açaraq, Ombudsmanı və digər qonaqları salamlayıb və bu ictimai dinləmənin əhəmiyyətini qeyd edib. O, dövlətimizin başçısı cənab İlham Əliyevin dəstək və qayğısı nəticəsində, Regionların sosial-iqtisadi inkişafı Proqramına müvafiq olaraq, respublikamızda, o cümlədən Masallıda sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin rifah halının yaxşılaşdığını və bu sahədə işlərin davam etdirildiyini bildirib.

Toplantıda çıxış edən Ombudsman Elmira Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” haqqında məlumat verərək bildirmişdir ki, Milli Fəaliyyət Proqramı insan hüquqları sahəsində islahatların yeni bir mərhələsidir.

Ombudsman E. Süleymanova ölkə həyatının bütün sahələrində inkişaf siyasətinin əsas strateji hədəflərini ehtiva edən və həyata keçirilməsi müvafiq dövlət proqramları vasitəsilə gerçəkləşdiriləcək "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını da xüsusi qeyd edərək, respublikamızın yeni inkişaf mərhələsində əsas məqsədinin çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının yüksək səviyyəyə çatdırılmasından ibarət olduğunu, habelə ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasının insan hüquqlarının da təşəkkülünə mühüm töhfələr verdiyini bildirmişdir.

E.Süleymanova respublikamızda insan hüquqları sahəsində ilk proqramın- “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Ümummilli  lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edildiyini və  ölkəmizdə müvafiq sahədə  önəmli rol oynadığını, o cümlədən Prezident İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Milli Fəaliyyət Proqramının 2006-cı ildən uğurla həyata keçirilən İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının məntiqi davamı olaraq, yeni prioritetlərə uyğun konkret istiqamətlər, tədbirlər müəyyən etdiyini bildirmişdir.

Ombudsman 2013-cü ilin Azərbaycanda Prezident seçkiləri ili olduğunu xatırladaraq, seçki təcrübəsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq Azərbaycan Prezidentinin müvafiq Sərəncamlarının əhəmiyyətini, bu sənədlərin təbliğinin və tətbiqinin zəruriliyini qeyd etmiş, əhalinin seçkilərdə fəal iştirakının, bu seçkilərin də demokratik, ədalətli, şəffaf, beynəlxalq standartlara uyğun keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır.

Sonra müzakirələrdə rayon polis şöbəsinin rəisi Nəriman İmanov, rayon prokuroru Fikrət Əsgərov, xalq hakimi Nemət Musayev, “Yeni həyat” qəzetinin baş redaktoru Əyyub Mehdiyev  və başqaları “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın icrası istiqamətində rayonda görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən danışmışlar.

Tədbirin sonunda Ombudsman Elmira Süleymanova vətəndaşları qəbul edərək onların müraciərlərini dinləmişdir.

Keçidlər