Masallıda “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq
18 sentyabr 2017-ci il tarixdə Boradigah qəsəbəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini radikalizmlə mübarizənin başlıca yolları: nəzəriyyə və təcrübə” mövzusunda seminar-treninq keçirilib.
Seminar-treninqdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, bu günkü dövrümüzdə İslam dünyasında gedən murəkkəb proseslər, baş verən müharibə və toqquşmaların başlıca səbəblərindın biri dini radikalizm və məzhəb ayrı-seçkiliyidir ki, bu da bu cür maarifləndirmə tədbirlərinin keçirilməsini zəruri edir. O, bildirib ki, digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda sabitlik hökm sürür və bunun da başlıca səbəblərindən biri dini sahədə olan sabitlik və dövlətin dinə və dindarlara olan qayğısıdır.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov dini radikal qrupların başqalarını necə öz təsir altına alması, onların təbliğat metodları, dini fanatizm haqqında danışıb. O, gənclərin dini radikal qrupların təsiri altına düşməmələri üçün valideynlərin də üzərinə məsuliyyət düşdüyünü bildirib, dini radikalizmə qarşı mübarizə üsulları haqqında geniş məlumat verib. Bildirib ki, dini radikalizmin yaranma səbəblərindən biri də məzhəb ayrı-seçkiliyidir. İslam isə məzhəb ayrı-seçkiliyinə qarşıdır və müqəddəs Qurani-Kərimdə də müsəlmanların vəhdətdə olması buyurulur.
Tədbirdə Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov çıxış edərək bildirib ki, gəncləri dini radikal qrupların təsirindən uzaq tutmaq üçün onlara İslam dini düzgün şəkildə, olduğu kimi çatdırılmalıdır.
Boradigah qəsəbə Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəbin direktoru Azər Mirzəyev belə tədbirlərin məktəblərdə keçirilməsinin şagirdlərin dini maarifləndiriliməsində və onların dini radikal qrupların təsirindən uzaq olmasında mühüm profilaktik əhəmiyyət daşıdığını qeyd edib.
Seminar-treninqin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.