Şriftin ölçüsü :

Saytın rəngi :

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ II BEYNƏLXALQ FOLKLOR FESTİVALI

04 iyun 2013 | 15:00

2012-ci il Masallının “Azərbaycanın Folklor Paytaxtı” elan edilməsi ilə bağlı rayonumuzda bir sıra respublika və beynəlxalq səviyyəli tədbirlər keçirilmişdir. Elmi-praktiki konfranslar, dəyirmi masalar, konsertlər, müsabiqələr, sərgilər və s. Bunların ən çox yadda qalanı Masallıda keçirilən Beynəlxalq Folklor Festivalıdır. 

Bu tədbir Masallının zəngin folklor nümunələrinin beynəlxalq aləmdə tanınması, eləcə də bir sıra xalqların bu qiymətli sənət inciləri ilə rayon sakinlərinin tanışlığı üçün çox dəyərli olmuşdur. Ulu öndərimiz Heydər Əliyevin  anadan olmasının 90 illiyinə həsr olunmuş II Beynəlxalq Folklor Festivalı geniş çərçivədə olacaq, tədbirdə daha çox ölkədən qonaqlar iştirak edəcəklər.

İyunun 12-16-da Masallıda keçiriləcək festivalda dünyanın 12 ölkəsindən incəsənət ustaları öz xalqlarının mahnı və rəqslərini ifa edəcəklər. Festivala qatılan kollektivlər: Türkiyə, İran, Qazaxıstan, Ukrayna, Belarus, Dağıstan, Gürcüstan, Latviya, Rusiya və s. incəsənət ustaları ilə yanaşı Ağdamın “Qarabağ bülbülləri”, habelə Masallının dörd kollektivi maraqlı konsert proqramı hazırlamışlar.

Festival günlərində rayonun  turizm obyektlərinə, Masallının tarixi ilə bağlı yerlərə ekskursiyalar nəzərdə tutulmuşdur. Turizm obyektlərində, eləcə də şəhərdə, qəsəbə və kəndlərdə konsertlər təşkil olunacaq, el sənətkarlığı nümunələrinə baxış keçiriləcək, sənətkarların əl işlərindən ibarət sərgilər düzənlənəcəkdir.

Xalqların mədəniyyət yaxınlığının ən gözəl nümunəsi olan festivalların keçirilməsi, qonaqların qarşılanıb yola salınması, onların istirahətinin təşkili, rayonla, incəsənətimiz, musiqimiz, təbiətimiz, tariximizlə tanışlıq marağının təmin edilməsi mühüm şərtdir. Keçən il Masallı sakinləri bu tədbiri keçirmək üçün mütəşəkkillik göstərdilər. Qonaqlar gedəndən sonra xeyli müddət onların rayonumuzda qarşılanıb yola salınması ilə əlaqədar razılıq məktubları gəldi. Masallı öz qonaqlarını bu il daha yaraşıqlı, abad şəhər kimi qarşılayır. Bağlar, parklar, xiyabanlar genişləndirilmiş, küçələr abadlaşdırılmışdır. Şəhərin panoramı bu gün göz oxşayır.

2013-cü ildə kecirilən festival daha maraqlı və möhtəşəm tədbirləri, təşkilatçılığı, çoxsaylı uğurları  ilə yadda qalacaqdır.

Keçidlər