Avropa çempionu Masallı cüdoçularının qonağı olub
05 sentyabr 2023 | 15:09
“İdman hamı üçün” layihəsi çərçivəsində
Yeniyetmələr arasında cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Məhəmməd Məmişov Masallı rayonunda cüdoçuların qonağı olub.
“İdman hamı üçün” layihəsi çərçivəsində təşkil olunan görüş yeniyetmə və gənc cüdoçularımız üçün maraqlı anlarla yadda qalıb.
Əvvəlcə görüşün fəxri qonağı, qalib idmançımız Məhəmməd Məmişov haqqında məlumat verilib.
Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov, M.Məmişovun məşqçi-müəllimi Murad Cəlilov, Əməkdar məşqçi Xanağa Quliyev, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev və başqaları son illər idmançılarımızın əldə etdikləri nailiyyətlər, xüsusilə cüdoçularımızın uğurlarından bəhs ediblər.
Diqqətə çatdırılıb ki, bu il respublikamızın yeniyetmələrdən ibarət cüdo üzrə yığması Avropa Gənclərin Olimpiya Festivalında, Avropa və Dünya çempionatında və digər mötəbər yarışlarda uğurlu nəticə əldə edərək, ilin ən güclü yeniyetmə cüdo komandası statusunu möhkəmləndirib. Zaqrebdəki Dünya çempionatı cüdo tariximizə yazılacaq bir çox əlamətdar nəticələrlə yadda qalıb. Belə ki, oğlanlar arasında son onillikdə Dünya çempionatından ilk qızıl medalı qazanılıb. İlk dəfə iki Azərbaycan idmançısı Nihad Məmişov (-50 kq. qızıl medal) və Məhəmməd Məmişov (gümüş medal) final görüşündə üz-üzə gəlib və bu görüş Azərbaycan cüdoçuları arasında peşəkarlığı nümayiş etdirib. Fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub. Bu, Azərbaycan yığmasının indiyə qədər iştirak etdiyi bütün Dünya çempionatlarında həm medalların sayına, həm də əyarına görə əldə etdiyi ən yaxşı nəticədir. Sevindirici haldır ki, Məhəmməd Məmişov dünya reytinq cədvəlində öz həmkarları arasında 790 xalla birinci pillədədir. İnanırıq ki, Məhəmməd 2028-ci ildə keçiriləcək Olimpiya Oyunlarında ümidlərimizi doğruldacaq...
Keçirdiyi yarışlar barədə təəssüratlarını bölüşən Məhəmməd Məmişov qeyd edib ki, hər dəfə fəxri kürsüyə qalxanda, bayrağımızı zirvədə görəndə, himnimiz səslənəndə mənən güclənir, bu duyğusal anlarda özümü dünyanın ən xoşbəxti sanıram...
Qeyd edək ki, Məhəmməd öncəki illərdə, tətil günləri ərəfəsində Masallıya gələndə Əməkdar məşqçi Xanağa Quliyevin məşq keçdiyi cüdo zalına baş çəkir, yeniyetmə həmkarları ilə özünəməxsus taktika və fəndləri bölüşür. O, bu dəfə də adətinə sadiq qalıb...
Sonda yeniyetmə çempionumuza gələcək yarışlarda və təhsilində uğurlar arzulanıb.