“Azərbaycanın şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun başlanğıcı” mövzusunda tədbir
İyulun 14-də Masallı rayon Heydər Əliyev Mərkəzində Tovuz döyüşləri ilə bağlı tədbir keçirilib.
“Azərbaycanın şanlı Zəfər qazandığı Vətən müharibəsinə gedən yolun başlanğıcı” mövzusunda tədbir Masallı rayon Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə mədəniyyət və təhsil işçiləri, eyni zamanda gənclər iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Tovuz döyüşləri zamanı şəhidlik zirvəsinə ucalan Azərbaycanın Milli qəhrəmanları general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov, Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı, Yaşar Babayev, çavuş Vüqar Sadıqov, baş əsgər Elşad Məmmədov, əsgərlər Elçin Mustafazadə, Nazim İsmayılov və Xəyyam Daşdəmirovun həyat və döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha sonra çıxış edən natiqlər Masallı rayon Tarix-diyarşünaslıq Muzeyinin direktoru Əntiqə Tağıyeva və Masallı rayon Bədalan kənd tam orta məktəbinin müəllimi Məhbubə Şahbazova vurğulayıblar ki, həmin günlərdə bütün xalq Ali Baş Komandan İlham Əliyevin ətrafında daha da sıx birləşmiş, torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərə hazır olduqlarını bildirmiş, minlərlə insan Müdafiə Nazirliyinə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin idarə və şöbələrinə üz tutaraq könüllü döyüşlərə yollanmaq üçün qeydiyyata alınmışlar.
Həmin günlər bütün ölkə vətənpərvərlik hissi, qələbəyə inam hissi ilə yaşayırdı. Məhz Tovuz döyüşləri 27 sentyabrda “Dəmir yumruq” əməliyyatı ilə başlayacaq 44 günlük Vətən müharibəsində qələbəyə aparan yolların başlanğıcı kimi müasir hərb tariximizə düşmüşdür.
Tədbir iştirakçıları daha sonra rayonun Ərkivan qəsəbəsində mayor Anar Novruzovun məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.