"Azəriqaz"ın baş direktoru Masallıda vətəndaşları qəbul edib
Qəbulda Birlik rəhbəri ilə yanaşı, Lənkəran Regional qaz istismarı İdarəsinin (Lənkəran RQİİ), Masallı xidmət sahəsinin rəhbər şəxsləri iştirak ediblər.
Görüşdə Lənkəran RQİİ-nin xidmət sahələrindən olan vətəndaşların problem və təklifləri dinlənilib. Müraciətlər zamanı fərdi qazlaşma, yaşayış məntəqələrinə və yeni yaşayış massivlərinə küçə qaz xəttinin çəkilməsi, işə qəbul, qaz xətlərinin yerinin dəyişdirilməsi və digər məsələlərə toxunulub. "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev qəbula üz tutan 50-dək vətəndaşı fərdi olaraq dinləyib və qaldırılan məsələlərin həlli barədə Lənkəran Regional qaz istismarı İdarəsinin və Masallı xidmət sahəsinin struktur rəhbərlərinə müvafiq tapşırıq verib.
Vətəndaşların qəbul zamanı qaldırdıqları məsələlərin bir qismi yerindəcə həll olunub. Birliyin səlahiyyətləri xaricində olan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınıb.
Vətəndaşlar müraciətlərinə baxılması üçün onlara yaradılan şəraitə görə Birlik rəhbərinə təşəkkür ediblər. Məlumat üçün bildirək ki, bundan sonra da mütamadi olaraq ayrı-ayrı regionlarda vətəndaşlarla görüşlər keçiriləcək.