Baramaçılıq gəlirli sahədir
Son illər respublikamızda baramaçılıq aqrar sektorun gəlirli sahələrindən biri kimi inkişaf etdirilir. Artıq ölkəmizin 40-dək bölgəsində insanlar baramaçılıqla məşğul olaraq, bu sahədən yaxşı gəlir götürürlər. Baramaçılıq regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifahının yüksəldilməsinə xidmət edir. Bu sahənin inkişafı kənd əhalisi üçün əlavə qazanc və yaxşı güzəran deməkdir.
Uzun illərdir təsərrüfatla məşğul olan kümçülər ipəkqurdu bəsləmək üçün toxum təhvil götürürlər. Kümçülər dövlət tərəfindən fermerlərə subsidiyaların ayrılması və bununla da 30-40 gün ərzində yaxşı gəlir əldə etmək imkanı yaradıldığını qeyd edirlər.
Kümçülər on qutu ipəkqurdu toxumundan 400 kiloqram məhsul əldə edəcəklərinə inanırlar. Məhsulun hər kiloqramına görə, dövlət kümçülərə 6 manat subsidiya verir. Hər kiloqramı 5 manata satıldığını nəzərə alsaq, bir kiloqram baramadan 11 manat gəlir əldə edilir.
Xatırladaq ki, may ayının 1-dən Azərbaycanda 2024-cü ilin barama mövsümünə start verilib.