BDU-nun Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş konfransı - Masallıda
19 may 2023-cü il tarixdə Bakı Dövlət Universitetinin (BDU) və Masallı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Əvvəlcə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, BDU-nun rektoru Elçin Babayev, universitetin professor-müəllim heyəti və qonaqlar Ümummilli Lider Heydər Əliyevin Masallı şəhərindəki abidəsini, Şəhidlər kompleksini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açaraq qeyd etmişdir ki, Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin həyatındakı tarixi xilaskarlıq missiyası, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə həyata keçirdiyi strategiya bütün sahələrdə əldə edilən uğurların əsasını təşkil edir. Ulu Öndər xalqımızın və dövlətimizin qarşısında duran çətinlikləri aradan qaldırmaqla Azərbaycan dövlətini qısa zamanda hüquqi, dünyəvi, demokratik dövlətə çevirib. Bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünyaşöhrətli siyasətçi və böyük dövlət xadimi çağdaş tariximizdə əbədiləşib.
Sonra çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, XX əsrin 70-ci illərindən başlayaraq xalqımızın və dövlətimizin əldə etdiyi bütün uğurların təməlində məhz Ulu Öndər Heydər Əliyev siyasəti, bu fenomenal şəxsiyyətin işıqlı əməlləri, parlaq siması dayanır: “Ümummilli Liderimiz dünyaya xüsusi missiyanı yerinə yetirmək üçün gəlmişdi. Bu missiya Azərbaycanın indiki müstəqil, qüdrətli dövlətə çevrilməsi missiyası idi.
Sonra Ümummilli Lider Heydər Əliyevin ömür yoluna həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri Anar İsgəndərov “Müstəqil Azərbaycan dövlətinin qurucusu”, Milli Məclisin deputatı Məşhur Məmmədov “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev “Azərbaycanın parlaq günəşi”, Mətbuat Şurası İdarə Heyətinin üzvü, Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli “Heydər Əliyev və mətbuat”, YAP Yasamal rayon təşkilatının sədri, BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dosenti Bəxtiyar Nəbiyev “Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafında rolu (1969-1982-ci illər)”, Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva “Heydər Əliyev irsi – tədqiq və təbliğ”, BDU-nun Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Heydər Əliyev – dövlətçilik məktəbi”, YAP Gənclər Birliyi İdarə Heyətinin üzvü, Geologiya fakültəsinin müəllimi İlqar Quliyev “Ümummilli Liderin gənclər siyasəti” mövzularında çıxış ediblər.
Çıxışlarda dahi rəhbər Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin hər bir azərbaycanlı üçün nümunə olduğu, Ulu Öndərin siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi vurğulanıb.
Konfransın sonunda xatirə şəkilləri çəkdirilib.