“Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda fermerlərlə görüş
Masallı Rayon İcra Hakimiyyətinin inzibati binasında Aqrar Sığorta Fondunun (ASF) təşkilatçılığı ilə “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda fermerlərlə görüş keçirilmişdir.
Görüşdə ASF-nun ümumi şöbəsinin müdiri Əli Əhmədov, ASF-nun Müştərək Sığorta Şirkəti ASC-nin Filiallarla iş şöbəsinin müdiri Ramin İsmayılov, şöbənin baş mütəxəssisi Aydın Nəsirzadə, ASF-nun Cəlilabad filialının rəhbəri Rafət Əsgərov, Masallı DAİM-nin direktoru Seymur Nuriyev, ərazi nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak etmişdir.
Görüşü giriş sözü ilə açan Masallı RİHB aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Niyazi Bağırov qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qeyri-neft sektoruna, xüsusilə də kənd təsərrüfatına göstərilən böyük qayğı və dəstək üsullarından biri də ölkəmizdə 2020-ci ildən fəaliyyətə başlayan aqrar sığorta mexanizmidir. Belə ki, Dövlət başçısının 19.08.2019-cu il tarixli müvafiq fərmanı ilə yaradılan ASF qısa müddət ərzində ölkənin bütün ərazisini əhatə etmişdir. O, fermerləri dövlətin təqdim etdiyi aqrar sığorta məhsulundan faydalanmağa çağırmışdır.
ASF-nun ümumi şöbəsinin müdiri Əli Əhmədov çıxış edərək bildirmişdir ki, hazırda ASF tərəfindən heyvandarlıq, bitkiçilik və balıqçılıq təsərrüfatları sığortalanır. Aqrar sığorta bu sahədə çalışan investor, fermer və torpaq mülkiyyətçilərini çoxsaylı risklərdən, o cümlədən təbii fəlakətlər, yanğınlar, bitki xəstəlikləri və zərərvericilər, yoluxucu xəstəliklər və zəhərlənmələr, vəhşi heyvanların hücumu və xüsusi təhlükəli ziyanvericilərin yayılması və hücumu, üçüncü şəxslərin hərəkətləri nəticəsində təsərrüfatlara dəyən zərərlərdən qoruyur. O, eyni zamanda qeyd etmişdir ki, fermerlərə dəstək məqsədilə aqrar sığorta haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. ASF 2021, 2022 və 2023-cü ilin 9 ayında ölkə üzrə zərər görən təsərrüfatlara ümumilikdə 7 milyon manata yaxın ödəniş etmişdir.
ASF-nun Cəlilabad filialının rəhbəri Rafət Əsgərov son illər baş verən təbii fəlakətləri və onların təsərrüfatlara vurduğu zərəri xatırladaraq fermerləri aqrar sığortadan faydalanmağa, öz əkin sahələrini vaxtında sığorta etməyə çağırmışdır.
Görüş sonda fermerləri maraqlandıran sualların cavablandırılması ilə başa çatmışdır.