“Heydər Əliyev irsinin öyrənilməsi” – Tüklə məktəbliləri
Fevralın 20-də Masallı rayon Mərkəzi Kitabxanasında Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mərkəzi Kitabxananın və Masallı Təhsil Sektorunun birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Əli İbadov adına Tüklə kənd tam orta məktəbinin Vl-Xl sinif şagirdləri iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd gənc nəsillərə ümumilli lider Heydər Əliyev irsinin təbliğ olunması, vətənpərvərlik hissinin aşılanması və bədii ədəbiyyata maraq oyatmaq olmuşdur.
Tədbirdə çıxış edən məktəbin tarix müəllimi Vüqar Əsədullayev bildirib ki, bugünkü qüdrətli, güclü, qalib Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir: “Ümummilli Lider 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ilə yeni Azərbaycan qurdu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsin yaddaşındadır. Bu günkü gənclik o illəri tarix dərsliklərindən və digər vəsaitlərdən öyrənirlər. Ulu öndər Heydər Əliyevin gördüyü işlər Vətəninə, dövlətinə, xalqına nə qədər bağlı olduğunun bariz nümunəsidir. O, hələ hakimiyyətinin birinci dövründə- 1969-1982-ci illərdə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən önəmli addımlar atmışdır. Ulu öndər Heydər Əliyev sovetlər birliyi dövründə Azərbaycanı qabaqcıl respublikalar sırasına çıxardığı kimi, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın qısa müddətdə sabitlik diyarına, qüdrətli iqtisadiyyata malik ölkəyə çevrilməsinə əsas yaratdı”.
O, çıxışında qeyd edib ki, Heydər Əliyevin fəaliyyəti bir məktəbdir. Hər bir Azərbaycan vətəndaşı bu məktəbi öyrənməyə borcludur.Çünki bugünümüz, işıqlı gələcəyimiz üçün dahi şəxsiyyətə borcluyuq.Tədbirin gedişində Kitabxananın əməkdaşları məktəblilərə kitabxananın fəaliyyəti və fonddan istifadə qaydaları haqqında məlumat veriblər. Kitabxanada müxtəlif mövzularda təşkil olunmuş sərgilərlə tanışlıq şagirdlərin xüsusi marağına səbəb olub. Sonda məktəbli kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.