“Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir” mövzusunda tədbir
Aprelin 13-də Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatı və Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının birgə əməkdaşlığı ilə “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev yolu Azərbaycan tarixinin uğur səhifəsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva, Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecinin müəllim və tələbə heyəti iştirak edib.
Tədbirdə əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Masallı rayon Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Dilbər İbayeva müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğulayıb.
Sonra YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Ulu Öndər Heydər Əliyevin bütün həyatını doğma xalqına həsr etdiyini, Vətənə, millətə ləyaqətlə, sədaqətlə xidmət etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, istər sovetlər dövründə, istərsə də müstəqillik dönəmində Azərbaycan üçün ən həlledici anlarda məhz Heydər Əliyevin liderlik keyfiyyətləri, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib.
Tədbirin digər çıxışçıları - Masallı Tarix-Diyarşünaslıq Muzeyi ərazi partiya təşkilatının sədri Əntiqə Tağıyeva, Masallı Dövlət Regional Kollecin müəllimi Elçin Ağayev, N. Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi Ellanora Babayeva və Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı Sevinc Əliyeva görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın inkişafına verdiyi töhfələrdən, dahi şəxsiyyətin dövlətçiliyimiz və ölkəmizin tərəqqisi yolunda göstərdiyi əvəzsiz xidmətlərdən ətraflı bəhs ediblər.
Yekunda Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə Ulu Öndərə həsr olunan şeirlər səsləndirilib.