Hişkədərə kəndində şəhid bulağının açılışı
25 avqust 2022-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində Vətən müharibəsi şəhidi İbrahim Həzrətqulu oğlu Lələyevin xatirəsi əbədiləşdirilib.
Şəhidin şərəfinə inşa olunan abidə-bulaq kompleksi İbrahim Həzrətqulu oğlu Lələyev doğum günündə istifadəyə verilib.
Açılış mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, Milli Məclisin deputatları Məşhur Məmmədov və Anar İsgəndərov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, kənd sakinləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər.
Mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən söz açıb. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi varisi, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz - əsgər və zabitlərimizin qanları, canları bahasına torpaqlarımızı işğaldan azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Müstəqil Azərbaycan dövləti əbədi olacaq və həmin şəhidlər də ürəklərdə əbədi yaşayacaqlar. Çox qürurvericidir ki, onların arasında bu kənddən olan İbrahim Həzrətqulu oğlu Lələyev də vardır. Onun qəhrəmanlığı haqqında çox danışmaq olar. Şəhidimiz həyatı sönməyib, o, yaşayır və həmişə də yaşayacaqdır. Allah İbrahim şəhidimizə, bütün şəhidlərimizə rəhmət eləsin.
Çıxış edənlər-Milli Məclisin deputatları - Professor Anar İsgəndərov, Məşhur Məmmədov, gənc istedadlardan Türkanə Zamanlı, Esmira Günəş, Yaqut Almaz və başqaları 44 günlük Zəfər yolunda Azərbaycan Ordusunun qazandığı Qələbədən söz açıblar. Bildirilib ki, qəhrəmanlıq dastanı yazan, cənnətdəki ad gününü qeyd etdiyimiz İbrahim kimi igid oğullarımızın Vətən müharibəsində göstərdiyi şücaət Azərbaycan tarixində ən şanlı səhifə kimi qalacaq.
Sonra şəhidimizin atası Həzrətqulu Lələyev şəhid ailələrinə diqqət və qayğıya görə ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərinə minnətdarlıq bildirib.
Sonda Hişkədərə kənd tam orta məktəbinin şagirdləri şəhidlərimizə həsr edilən şeirlər səsləndiriblər. Daha sonra ehsan süfrəsi açılıb.
Şəhidin ailə üzvləri, kənd sakinləri, qonaqlar, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Məftun Hüseynov və başqaları “Qurani-Kərim”dən ayələr oxuyublar.
Mərasimin sonunda Hişkədərə kənd qəbiristanlığında şəhid İbrahim Lələyevin məzarı ziyarət olunub, üzərinə tər qərənfillər düzülüb.