“İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Masallı rayon Heydər Əliyev Mərkəzi, Masallı Qadın Resurs Mərkəzi və Masallı Dövlət Regional Kolleci ilə birgə tədbir həyata keçirib.
İyunun 13-də Masallı rayon Heydər Əliyev Mərkəzində Masallı Dövlət Regional Kollecinin tələbələrinin iştirakı ilə “İnsan və vətəndaş hüquqları” adlı maarifləndirici tədbir keçirib.
Əvvəlcə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Masallı rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva qeyd edib ki, insan hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamız Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulub.
Sonra Masallı Qadın Resurs Mərkəzinin koordinatoru Nərgiz Muxtarova Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq sazişlərə qoşulması, hüquqi mexanizmlərin təkmilləşdirilməsi və digər məsələlərin ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisi olduğunu qeyd edib.
Tədbirdə Masallı Dövlət Regional Kollecinin direktor müavini Dilarə Hüseynova iştirakçılara mövzu haqqında ətraflı məlumat verib və hər bir insanın yaşamaq, azadlıq, vətəndaşlıq, iştirak etmək və s. kimi huquqlarından danışıb.
Tədbir diskussiya şəklində davam edib.