Köçəkli kəndində şəhid ailəsi üçün tikilən fərdi yaşayış evi istifadəyə verildi
06 dekabr 2023-cü il tarixdə Masallı rayonunun Köçəkli kəndində Qarabağ müharibəsi şəhidi, Azərbaycan Ordusunun sıravi əsgəri Ceyhun Sabir oğlu Yaqubovun ailəsi üçün tikilən birmərtəbəli, 3 otaqlı fərdi yaşayış evi istifadəyə verilib.
Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, Həsəni kənd ərazi nümayəndəsi və bələdiyyəsi, media nümayəndələri iştirak ediblər.
Mərasimdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov nitqində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük əbədi tarixi Qələbədən, ordu-xalq birliyindən, 1974-cü il tarixdə rayonun Köçəkli kəndində dünyaya göz açan Ceyhun kimi qəhrəman oğullarımızdan ətraflı danışıb.
İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən hər zaman şəhid ailələrinə, müharibə əlillərinə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərdiyini diqqətə çatdırıb.
Rayon rəhbəri şəhid ailəsi üçün tikilən növbəti fərdi yaşayış evinin tikintisində zəhməti olan xeyriyyəçilərə razılığını bildirərərək qeyd etdi ki, biz şəhidlərə, onların ailələrinə, hərbiçilərə, qazilərə həmişə, hər zaman minnətdar olmalıyıq. Şəhidlər ömürlərini Vətən torpağının azad olunmasına həsr ediblər. Əsl vətənpərvər olublar, bizə şərəfimizi qaytarıblar. Şəhidlər heç vaxt unudulmayacaqlar. Biz onlara, şəhidlərin ailə üzvlərinə, övladlarına ömrümüz boyu borcluyuq. Allah bütün şəhidlərimizə də rəhmət etsin.
Sonra kənd sakini Əfrahim Xəlilov Masallıda vaxtaşırı həyata keçirilən şəhid ailələrinə olan ehtiram və hörmətdən danışaraq, növbəti dəfə, Qarabağ müharibəsi şəhidi, Azərbaycan Ordusunun sıravi əsgəri Ceyhun Sabir oğlu Yaqubovun ailəsi üçün tikilən fərdi yaşayış evinin istifadəyə verilməsinin sevindirici və qürurverici olduğunu vurğuladı.
Şəhidin ailəsi onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Masallı rayonunun icra başçısına, evin tikintisində zəhməti olan bütün şəxslərə minnətdarlığını bildirdilər.