Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı "ASAN xidmət" - 6 il

21 sentyabr 2022 | 17:26

Masallı “ASAN Həyat” kompleksinin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 2016-cı il sentyabrın 3-də keçirilib. Kompleksin ərazisində “ASAN xidmət” mərkəzi, “ABAD” mərkəzi, Kinoklub, İncəsənət mərkəzi, “ASAN İntellektual” inkişaf mərkəzi, ASAN Kafe, həmçinin Ombudsmanın Cənub Regional Mərkəzi fəaliyyət göstərir.

Masallı regional “ASAN xidmət” mərkəzi 2016-cı il sentyabrın 20-də fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət prinsiplərinə və vətəndaş rahatlığına hesablanıb. Fəaliyyət göstərdiyi müddət ərzində 1 518 000 çox vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 320-dən çox xidmət həyata keçirilir. Fəaliyyət dövrü ərzində vətəndaşlara səyyar formada da xidmət göstərilib.

Səyyar xidmətlərdən bu bölgədə 254 mindən çox vətəndaş yararlanıb.

“Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq “ASAN xidmət” mərkəzlərində fəaliyyətə başladığı ilk gündən ictimai və sosial məsuliyyəti artıran könüllülük fəaliyyəti həyata keçirilir.

Masallı regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən 667 könüllüyə, Səyyar ASAN xidmətdə fəaliyyət göstərən 391 könüllüyə sertifikatlar verilib.

Masallı “ABAD” mərkəzi tərəfindən regionda qida məhsulları sahəsində çalışan “ABAD”çılara onların rəqabətədayanıqlı istehsala yönləndirilməsi üçün müasir standartlara cavab verən istehsal avadanlıqları ilə təchiz olunmuş monoblok-konteynerlər təqdim edilib.

Bu günə qədər Masallıda 10 ailəyə istehsal konteynerləri verilib. Konteynerlərdə bu məhsullar istehsal edilir: pendir, sosiska, kolbasa, tərəvəz konservləri, tərəvəz turşuları, mürəbbə, cem, çay.

Arıçılıqla məşğul olan 3 ailənin bal məhsulunun brenləşdirilməsi və qablaşdırılması “ABAD” tərəfindən həyata keçirilir. Təqdim edilmiş bu istehsal sahələri üzrə məhsulların hər biri “ABAD” satış mərkəzlərində və “BRAVO” şəbəkələrində öz yerlərini alıb.

Bundan əlavə “ABAD” Masallıda dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fərdi istehsal ilə məşğul olan 10 vətəndaşın əl işinin etnobutiklərində həm yerli əhali, həm də əcnəbi turistlərə satışını təmin edir. Bu sahələrə həsirçilik, dulusçuluq, taxta oymaçılıq, toxuculuq, keramika və misgərlik kimi sənətkarlıq sahələri daxildir.

2018-ci ildən etibarən “ABAD” Masallı “ASAN Həyat” Kompleksinin daxilində ödənişsiz xalçaçılıq kursları təşkil edir. Burada həm xalçaçılıq dərsləri keçirilir, həm də bu sənətə yiyələnən əsasən evdar xanımların toxuduqları xalçaların satışı təşkil edilir. Eyni zamanda, “ABAD” mərkəzində “ABAD”çıların əl işləri və bəzi qida məhsulları təqdim olunur.

Hazırda Səyyar “ASAN xidmət” həmin bölgədə - Cəlilabad şəhərində fəaliyyətini davam etdirir. Səyyar şəkildə göstərilən xidmətlərə funksional yardımçı xidmətlər, həmçinin Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim olunan xidmətlər aiddir.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

2022-ci il avqustun 5-də Masallı “ASAN Həyat” kompleksində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Cənub Regional Mərkəzinin açılışı keçirilib. Mərkəzin Masallı “ASAN Həyat” kompleksində yerləşməsi vətəndaşların sənədləşmə və bir çox məsələlərlə bağlı müraciətlərinin yerində həllinə imkan verir. Eyni zamanda, yaradılmış şərait və elektron imkanlar müraciətçilərin vəzifəli şəxslər tərəfindən qəbul imkanlarını genişləndirməklə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

 

Keçidlər