Masallı gəncləri üçün sahibkarlıq mövzusunda maarifləndirici təlim
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Gənclərin Sosial İnkişafına Dəstək” (GSİD) İctimai Birliyi “Gənc sahibkar” layihəsi çərçivəsində Masallı rayonu Gənclər Evində 18-29 yaşlar arası gənclər üçün sahibkarlıq mövzusunda təlim keçirmişdir.
Tədbiri giriş sözü ilə Masallı rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nahid Həsənov açaraq layihənin rayon gəncləri üçün əhəmiyyətindən danışmış və tədbirin işinə uğurlar arzulamışdır. Daha sonra çıxış edən layihənin rəhbəri, eyni zamanda təlimçisi Rövşən Bağırov layihənin məqsəd və vəzifələrindən bəhs etmişdir. O, qeyd etmişdir ki layihənin əsas məqsədi Cənub rayonlarında yaşayan gənclər arasında sahibkarlıq fəaliyyətinin stimullaşdırılması və bununla bağlı maarifləndirici tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu məqsədlə Masallı rayonu Gənclər Evində sahibkarlıq mövzusunda maarifləndirici təlim təşkil edilmişdir. Təlimdə 25 nəfər Masallı rayonundan olan gənclər iştirak etmişdir. Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Masallı nümayəndəliyinin üzvləri təlimdə xüsusi fəallıq nümayiş etdirmişlər. Təlim zamanı onlara sahibkarlıq fəaliyyətinə başlamaq üçün müasir bazarın tələbləri və üstünlükləri, şəxsi biznesin yaradılması, sahibkar olmaq üçün vacib olan amillər və qanunvericilik haqqında ətraflı məlumat verilmiş və maraqlı fikir mübadiləsi aparılmışdır. Daha sonra gənclər Masallı rayonunun biznes imkanlarını təhlil etmiş və ən yaxşı biznes ideyanın seçilməsi üzrə qrup çalışmaları, təqdimatlar həyata keçirmişlər.
Tədbirin sonunda hər bir iştirakçıya təşkilat tərəfindən Sertifikatlar təqdim edilmişdir.
Məlumat üçün bildiririk ki, Cənub rayonlarında sahibkarlıq mövzusunda təşkil edilmiş təlimlər Astara, Lənkəran, Lerik və Masallı rayonlarında baş tutmuş və ümumilikdə 91 nəfər gənci əhatə etmişdir. Layihə çərçivəsində sonuncu təlimin 25 noyabr tarixində Cəlilabad rayonunda yaşayan gənclər üçün keçirilməsi planlaşdırılır. Bununla yanaşı daha çox gəncləri məlumatlandırmaq üçün sahibkarlıq mövzusunda nəşr edilmiş 1000 ədəd buklet onlar arasında paylanacaqdır.