Masallı gəncləri yay istirahət düşərgəsində
Yeniyetmə və gənclərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili hər zaman diqqət mərkəzindədir. Bu məqsədlə Masallıda da müvafiq tədbirlər həyata keçirilir.
12 avqust - Beynəlxalq Gənclər Günü münasibətilə Masallı Rayon Gənclər və İdman İdarəsi və “Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı, “Ümidim Sənsən” İctimai Birliyinin dəstəyi ilə yeniyetmə və gənclər, o cümlədən idmançılar, qazilər, şəhid və aztəminatlı ailələrin övladları üçün yay istirahət düşərgəsi təşkil edilib.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov bildirib ki, düşərgənin təşkilində məqsəd, gənclərin maarifləndirilməsi ilə yanaşı asudə vaxtlarının mənalı və səmərəli keçirilməsini təmin etməkdir.
Tədbir öncəsi iştirakçılar Masallı şəhər Qəhrəmanlar parkındakı “Şəhidlər” abidə-kompleksini ziyarət edib, abidə önünə tər qərənfillər düzərək şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Masallı rayonunun “Qala” istirahət mərkəzində gün ərzində (saat 10:00-dan 19:00-dək) davam edən düşərgə çərçivəsində iştirakçılar üçün əyləncəli oyunlar, müxtəlif yarış və təlimlər (Gənclərin İnkişaf və Karyera Mərkəzinin Masallı nümayəndəliyinin direktoru Aynur Tağıyeva və beynəlxalq dərəcəli təlimçi Rafət Şirəliyev tərəfindən), ekskursiyalar, idmançılar (Boccia idman növü üzrə paralimpiyaçı çempion, qitələrarası çempionatın qızıl medal sahibi Bəhruz Mirzəyev, sərbəst güləş üzrə Avropa və dünya çempionu Ruzanna Məmmədova, kinqboksinq üzrə üçqat dünya çempionu Rəşid Rəşidli, çimərlik güləşi üzrə Avropa çempionu Zəfər Əliyev, yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa üçüncüsü Əmrah Əmrahov) və qazilərlə görüş təşkil olunub.
Yay düşərgəsi zamanı 50-dən artıq iştirakçının bir-birilə yaxından tanış olmaları üçün imkan yaradılıb. Onlar xüsusi geyim və forma, lazımi idman ləvazimatları ilə, vaxtaşırı yeməklə təmin olunublar.
Sonda təlim və yarışlarda fərqlənənlərə təşkilat komitəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.
Şən və yaddaqalan istirahət iştirakçıların xatirində silinməz izlər buraxıb.
Yeniyetmə və gənclər onlar üçün yaradılan şəraitə görə Ölkə başçısı cənab İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, düşərgənin təşkilatçılarına minnətdarlıq bildiriblər.