Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Təzə Alvadıda aparılan asfaltlaşdırma işləri ilə tanış olub

24 iyun 2026 | 17:00

Masallı rayonunun Təzə Alvadı ərazisində şəhid Səlimov Sənan Nasif oğlunun adını daşıyan küçədə aparılan asfaltlaşdırma işləri uğurla başa çatdırılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov əraziyə baxış keçirərək görülən işlərlə yerində tanış olub, layihənin icrası və yol ətrafında davam etdirilən abadlıq işləri barədə məlumat alıb.

Təzə Alvadı Bələdiyyəsi və xeyriyyəçilərin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində uzunluğu 1 kilometr, eni 5,5 metr, asfalt örtüyünün qalınlığı 7 santimetr olan yol tam asfaltlanaraq sakinlərin istifadəsinə verilib.

Layihənin maliyyələşdirilməsi üçün Təzə Alvadı Bələdiyyəsi tərəfindən 60 min manat, xeyriyyəçilər tərəfindən isə 33 min manat vəsait ayrılıb. Görülən işlər nəticəsində küçədə nəqliyyatın hərəkəti üçün daha əlverişli şərait yaradılıb, sakinlərin rahat gediş-gəlişi təmin olunub və ərazinin yol infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.

Hazırda yol ətrafında abadlıq-quruculuq işləri davam etdirilir. Həyata keçirilən tədbirlər çərçivəsində ərazidə təmizlik və səliqə-sahman işləri aparılır, yol kənarlarının abadlaşdırılması istiqamətində müvafiq tədbirlər görülür.

Rayon rəhbəri görülən işlərin sakinlərin gündəlik rahatlığına və yaşayış məntəqəsinin inkişafına mühüm töhfə verdiyini qeyd edərək, rayonun yaşayış məntəqələrində yol infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Şəhid Səlimov Sənan Nasif oğlunun adını daşıyan küçədə asfaltlaşdırma işlərinin tamamlanması həm şəhidimizin əziz xatirəsinə göstərilən ehtiramın, həm də yerli əhalinin sosial rifahının yüksəldilməsinə xidmət edən növbəti mühüm layihələrdən biridir.

Sakinlər həyata keçirilən layihəyə görə təşəkkürlərini bildirərək, göstərilən diqqət və qayğını yüksək qiymətləndiriblər.

 

Keçidlər