Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəriblər ərazisində fəaliyyət göstərən turizm obyektlərinin vəziyyəti ilə tanış olub
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Qəriblər ərazisində yerləşən bir neçə turizm və istirahət obyektində olub, burada mövcud vəziyyətlə tanış olub.
Baxış zamanı ərazidə fəaliyyət göstərən turizm obyektlərinin mövcud vəziyyəti, göstərilən xidmətlərin səviyyəsi, sanitar-gigiyenik şərait, abadlıq və təmizlik işləri, eləcə də turistlərin rahatlığının təmin olunması məsələləri diqqət mərkəzində saxlanılıb.
Rayon rəhbərinə obyektlərdə görülən işlər, göstərilən xidmətlər və mövcud infrastruktur barədə məlumat verilib. Eyni zamanda, ərazidə yolların vəziyyəti, tullantıların idarə olunması, ətraf mühitin qorunması, abadlıq və digər infrastruktur məsələləri nəzərdən keçirilib.
Araz Əhmədov turizm obyektlərinin Qəriblər ərazisinin turizm potensialının inkişafında mühüm rol oynadığını qeyd edib. Rayon rəhbəri obyektlərdə xidmət səviyyəsinin daha da yüksəldilməsinin, sanitar-gigiyenik normalara riayət olunmasının, ətraf ərazilərdə abadlıq və təmizlik işlərinin davamlı şəkildə aparılmasının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, Qəriblər ərazisi zəngin təbiəti, əlverişli coğrafi mövqeyi və turizm imkanları ilə seçilir. Ərazidə fəaliyyət göstərən turizm və istirahət obyektləri rayonun turizm potensialının genişləndirilməsinə, yerli əhalinin məşğulluğunun artırılmasına və iqtisadi imkanların inkişafına mühüm töhfə verir.
Rayon rəhbəri turizm obyektlərində xidmət keyfiyyətinin yüksəldilməsi, istirahət üçün daha əlverişli şəraitin yaradılması, ərazinin abad və səliqəli saxlanılması, həmçinin Qəriblərin turistlər üçün daha cəlbedici məkana çevrilməsi istiqamətində işlərin davam etdirilməsinin vacibliyini bildirib.






