Şriftin ölçüsü :

Saytın rəngi :

   Masallı rayonunda “Cəbrayıl Şəhəri Günü”

04 oktyabr 2024 | 18:02

    Oktyabrın 4-də Masallı rayon Tarix-Diyarşünaslıq Muzeyində Cəbrayıl Şəhəri Günü ilə əlaqədar “Xudafərində dalğalanan bayrağımız” adlı tədbir keçirildi. 

    Masallı Rayon İcra Hakimiyyəti, Gənclər və İdman sektoru, Mərkəzi Kitabxana Sistemi, Tarix-Diyarşünaslıq Muzeyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 44 günlük Vətən Müharibəsi iştirakçıları, gənclər və mədəniyyət işçiləri iştirak etdilər.

      Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi  ilə başladı.

         Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq, cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsis olunan Cəbrayıl Şəhəri Günü münasibətilə hamını təbrik etdi. Ə.Tağıyeva bildirib ki, 4 Oktyabr – Cəbrayıl şəhərinin Ermənistan silahlı qüvvələrinin 27 illik işğalından azad edildiyi gündür. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımı nəticəsində, vətənimizin igid oğullarının şücaəti ilə torpaqlarımız düşmən tapdağından azad olundu. Zəfərə aparan hər bir günün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını söyləyərək  Prezidentin Sərəncamı ilə işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis edilməsinin mühüm hadisə olduğunu vurğuladı.    Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayıb.

Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin Baş məsləhətçisi Nuranə Muradova Vətən müharibəsindəki qələbəmizdən, Cəbrayılın  azadlığından, əldə edilən uğurlar, görülən hazırlıqların addım-addım möhtəşəm qələbəyə yaxınlaşdırmasından geniş bəhs edərək bildirmişdir ki, bu böyük sevinci bütün xalqımıza bəxş edən başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün igid, qəhrəman Azərbaycan Ordusuna minnətdarıq. Görülən işlər Azərbaycan xalqının qurucu xalq olduğunu bir daha təsdiqləyir.  

Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işləri heyranlıqla izləyir. İşğaldan azad olan ilk rayon mərkəzi kimi Cəbrayıl şəhəri tarixə düşdü. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

           Daha sonra Gənclər və İdman Sektorunun müdiri Sabiq Cahangirov, Birinci Qarabağ və Vətən Müharibəsi veteranı, ehtiyatda olan zabit Cəmaləddin Məmmədov, qazi, baş leytenant Həmid Mənsimov,   Masallı Mərkəzi Kitabxana Sisteminin direktor əvəzi Zamin Məmmədov artıq Cəbrayıl şəhərinin işğal tarixlərinin yox, azadlıq tarixlərinin qeyd edilməsindən qürurlandığlarını ifadə etdilər. Cəbrayıl şəhərinin  işğaldan azad olunmasının strateji cəhətdən çox böyük əhəmiyyət kəsb etdiyini söyləyən natiqlər qeyd etdilər ki, Cəbrayıl şəhərinin düşmən işğalından xilas olması müharibənin sonrakı gedişatına böyük təsir göstərmişdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti və xalqımızın həmrəyliyi nəticəsində qısa zamanda işğal altında olan rayonlarımız düşmən tapdağından azad edildi.

          Tarix-Diyarşünaslıq Muzeyində Cəbrayıl Şəhəri Günü ilə əlaqədar “Xudafərində dalğalanan bayrağımız” adlı tədbir orda iştirak edən Vətən Müharibəsinin iştirakçılarının Fəxri Fərmanla təltif edilməsi ilə yekunlaşdı. Daha sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində “Biz qayıtdıq, Cəbrayıl” adlı sənədli filmə tamaşa etdilər.

Keçidlər