Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı rayonunda məzunlar üçün “Son zəng”

14 iyun 2023 | 18:09

Rayonumuzun tam orta məktəblərində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə məzunlar üçün “Son zəng” tədbiri keçirilmişdir. Belə ki, 66 tam orta məktəblərində 1751 məzun məktəbə əlvida deyib, yeni, müstəqil həyata qədəm qoydu, IX sinifləri bitirən 2587 şagird isə ya tam orta məktəblərdə, ya da kolleclərdə təhsilini davam etdirəcək.  

Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov N.Nərimanov adına 2 saylı tam orta məktəbinin son zəng tədbirinə qatılaraq məzunlara sevinc bəxş etmişdir. İlk öncə başçı məktəbin dəhlizində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirdikdən sonra 2022-ci ildə respublika üzrə keçirilən futbol, 2023-cü ildə respublika üzrə keçirilən cüdo idman yarışı üzrə  I yer  tutmuş məktəbin məzunu olmuş idmançılarla görüşmüşdür.

 Daha sonra Araz Əhmədov məzunları təbrik edərək qeyd etdi ki, ölkəmizdə təhsilin dünya standartları səviyyəsində qurulması dövlətin diqqət və qayğısı nəticəsində reallaşır. Ölkə Prezidenti cənab İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gənc nəslin sağlam və savadlı yetişməsi üçün həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edən sözçü diqqətə çatdırdı ki, bu gün bütün təhsil müəssisələrində çalışan pedaqoji kollektiv, eləcə də şagirdlər bu qayğının əhatəsindədir. Hansı peşəyə yiyələnməyinizdən, harada yaşamağınızdan asılı olmayaraq sizə öz bilik və bacarığınızla vətənə böyük töhfələr verməyi, doğulub boya-başa çatdığınız Masallının adını yüksəltməyi, ən başlıcası isə dövlətimiz üçün layiqli, kamil vətəndaş olmağı arzulayıram.

Tədbirdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar, ifa etdikləri rəngarəng şeirlər, şən mahnılar, rəqslər tədbirə xoş ovqat qatdı. Məzunlarla birincilərin bir-birinə gül-çiçək dəstələri və hədiyyələr təqdimetmə səhnəsi isə sanki təhsil estafetinin balaca məktəblilərə verilməsinə işarə idi. Nəhayət, on birincilərin sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi, son zəngin sədaları eşidildi.
Məzunlar məktəblə və müəllimləri ilə son dəfə vidalaşaraq xatirə şəkilləri çəkdirdilər. Bu xatirə nəinki rəsmlərdə, eyni zamanda qəlblərinin dərinliklərində uzun müddət qalacaqdır.

Tədbirdə həmçinin RİH başçısının müavini Adəm Məhərrəmov, RTS-nin müdiri Qoşqar Hətəmov, vaxtı ilə məktəbin şagirdi olmuş II Qarabağ Müharibəsi şəhidi Vüsal Hadıyevin atası Balarəzi Nəhmətov, məktəb-valideyn komitəsinin sədri Ruslan Baxışov da iştirak etmişlər.

Keçidlər