Masallı rayonunun Qızılağac kəndində şəhid ailəsinin yaşadığı küçə asfaltlanır
Ölkəmizin hər yerində şəhidlərə böyük ehtiram göstərilir, şəhid ailələri diqqətdə saxlanılır.
Masallı rayonunda da şəhidlərin xatirəsi daim əziz tutulur və şəhid ailələri rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunurlar. Rayonda Vətən müharibəsi şəhidlərinin ailələrinin, əlillərinin və iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər davam etdirilir.
Masallı rayonunun Qızılağac kəndində şəhid ailələrinin şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən silsilə tədbirlər çərçivəsində kəndin mərkəzi hissəsindən Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Cavad Gülverdi oğlu Babayevin ailəsinin yaşadığı küçəyə yeni asfalt örtüyünün döşənməsinə başlanılıb. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun təşəbbüsü ilə şəhidlərin şərəfinə həyata keçirilən yeni asfalt küçəsinin uzunluğu 650 metrdən çox olacaqdır. Yeni asfalt küçəyə yaraşıq verir, sakinləri hədsiz sevindirir. Bundan sonra kənd sakinlərinin gediş-gəlişi, uşaqların məktəbə davamiyyəti yaxşı olacaq, bu abadlığı yaradanlara minnətdarlıq edəcəklər...
Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə və Masallı RİH başçısına minnətdarlıqlarını ifadə ediblər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX Masallı rayon şöbəsinin, YAP Masallı Rayon Təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, Qızılağac sakinləri və media nümayəndələri qeyd edilən ünvanda olaraq şəhid ailəsinin üzvləri ilə görüşərək, onların qaldırdıqları məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, asfaltlanma işlərini Masallıdakı 47 nömrəli yol istismar idarəsinin inşaatçıları həyata keçirir.