Masallı RİH Başçısı 18.12.2024-cü il tarixdə Sərçuvar ərazisinin sakinləri ilə görüşdü
18 dekabr 2024-cü il tarixində Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov vətəndaşlarla növbəti səyyar görüş-qəbulunu Sərçuvar kəndində keçirmişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı Araz Əhmədov qəbula gələnləri salamlamış, ərazinin tarixi, ziyalıları, ağsaqqalları, mədəniyyəti, məşğuliyyəti və sosial iqtisadi inkişafı barədə çıxış edərək səyyar görüş-qəbulunu açıq elan etmiş, sonra sözü Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayevə verərək rayon rəhbəri ilə ötən görüş zamanı vətəndaşların müraciətlərinin həlli vəziyyəti və ərazidə görülmüş işlər barədə məlumat verməsini istəmişdir.
Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Elvin Fəttayev ötən səyyar-görüş qəbulu barədə çıxış edərək qeyd etmişdir ki, ərazidə ötən qəbul zamanı keçirilmiş görüşdə 1 nəfər vətəndaş tərəfindən 1 müraciət olunmuş və müraciətə qanunamüvafiq cavab verilmişdir.
Şöbə müdiri ərazidə görülmüş işlər barədə məlumat verərək qeyd etmişdir ki, Şəhid ailələri, imtiyazlı şəxslərə və yardıma ehtiyacı olan vətəndaşlara məişət, kommunal və digər problemlərinin həlli ilə bağlı köməklik göstərilməsi, Milli Qəhrəman Səfəralı Məmmədov və Birinci Qarabağ Müharibəsi şəhidi Elşən Eyvazov küçələrinin cari təmir olunması, Milli Qəhrəman Səfəralı Məmmədovun anası tərəfindən kənd məscidinin döşəməsi və fasadının təmir olunması, Sərçuvar kənd uşaq bağçasının əsaslı təmir olunması, Sərçuvar kənd məscidinə xeyriyyəçilər tərəfindən 2 ədəd konsioner və 1 ədəd elektrik gücləndiricinin alınması barədə məlumat vermişdir. Əlavə olaraq 1,2 km kənddaxili yola çınqıl tökülərək hamarlanması, ərazidə 15 ədəd yararsız elektrik dirəyinin dəyişdirilməsi, GPON lahiyəsi üzrə “Aztelekom” İB və “CityNet” MMC şirkətləri tərəfindən əraziyə yeni internet xətti çəkilərək əhalinin istifadəsinə verilməsi və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində 1000 ədədə yaxın ağacın əkilməsi barədə məlumatları görüş iştirakçılarının nəzərinə çatdırmışdır.
Sonra rayon rəhbəri qəbula gələn vətəndaşları narahat edən məsələlərlə bağlı müraciətlərini dinləmiş və qəbul zamanı çıxış edən vətəndaşların müraciətinə həssaslıqla yanaşaraq qaldırılan məsələləri qeydiyyata alıb nəzarətə götürmüş və həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir.
Masallı Rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov səyyar-görüş qəbulunu yekunlaşdıraraq rayonda vətəndaş müraciətlərinin daim diqqətdə saxlanıldığını bildirmişdir.