Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı RİH başçısı qalib idmançılarla görüşüb

04 sentyabr 2023 | 18:04
 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov üçgüçülük üzrə paralimpiya çempionu, ikiqat dünya çempionu Vəli İsrafilov və yeniyetmələr arasında cüdo üzrə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı Məhəmməd Məmişovla görüşüb.
Əvvəlcə Masallı şəhər Qəhrəmanlar Parkındakı “Şəhidlər” abidə-kompleksi ziyarət edilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən igidlərimizin xatirəsi ehtiramla yad olunub.  
Sonra Masallı Rayon İcra Hakimiyyətində təşkil edilən görüşdə Lənkəran-Astara Gənclər və İdman İdarəsinin Masallı rayonu üzrə sektor müdiri Sabiq Cahangirov qalib idmançıların zəfər yolu, eləcə də onların son beynəlxalq yarışlardakı möhtəşəm uğurları barədə məlumat verib. 
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev xəbər verir ki, görüş iştirakçılarını salamlayan İcra başçısı Araz Əhmədov idmançıları və onların məşqçilərini növbəti qələbələr münasibətilə təbrik edib. Ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda dövlət siyasətinin prioritetlərindən olan idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışan rayon rəhbəri masallılı yeniyetmə və gənclərin beynəlxalq arenalarda qazandığı uğurlarla, qələbələri ilə dünyaya səs salmasını təqdirəlayiq hal kimi dəyərləndirib: “Məhz sizin xidmətiniz sayəsində üçrəngli bayrağımız göylərə qaldırılır, dövlət himnimiz səsləndirilir - Azərbaycanımız dünyada tanınır. Bundan iftixar hissi keçiririk. Daha nikbin ruhda mübarizənizi davam etdirin. Məşqçilərinizin, özünüzün gərgin əməyini bada verməməyə çalışın. Necə ki, bu gün siz milyonlarla soydaşımızın sevimlisinə çevrilmisiniz. Ümidvarıq ki, bundan sonra da yeni-yeni qələbələrinizlə bizi sevindirəcəksiniz...”
RİH başçısı Araz Əhmədov idmançılara növbəti yarışlarda uğurlar arzulayıb.  
İdmançılar, məşqçiləri onlara göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti, MOK-un Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, eləcə də rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər.
Sonda xatirə şəkilləri çəkdirilib.
Keçidlər