Masallı RİH başçısının Sərçuvar ərazisində səyyar-görüş qəbulu
29 sentyabr 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov Sərçuvar ərazisində vətəndaşların səyyar-görüş qəbulunu keçirmişdir.
Səyyar görüş-qəbulda rayonun idarə, müəssisə və təşkilatlar rəhbərləri, şəhid ailələri, qazilər, din xadimləri, ağsaqqal, ziyalılar və kənd sakinləri iştirak etmişdir.
İlk öncə Azərbaycanın Milli Qəhrəmanı Səfəralı Məmmədovun və kənd şəhidlərinin şərəfinə olan abidə-bulaq kompleksi ziyarət olunub.
Sonra ölkəmizin ərazi bütövlüyü uğrunda və Ermənistan silahlı qüvvələri tərəfindən sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısı alınarkən canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov qəbula gələnləri salamladı və səyyar görüş qəbulunu açıq elan etdikdən sonra Masallı RİHB aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afəddin Kərimov rayon rəhbərinin 11 avqust 2022-ci il tarixdə ərazi sakinləri ilə görüş zamanı onların etdikləri müraciətlərin həlli ilə bağlı məlumat verdi.
Səyyar-görüş qəbulda çıxış edən vətəndaşlardan Mikayılov Fərasət Yaqub oğlu, Məhərrəmov Yolbəyi Vəkil oğlu, Müslümov Ataxan Mansur oğlu, Nəcəfov Hüseynağa İsa oğlu, Əhmədov Firdovsi Əlizadə oğlu, Məmmədov Baləddin Qurban oğlu, Qafarov Rahib Ağakərim oğlu və başqaları içməli su xəttinin çəkilməsi, kəndin mərkəzi yolunda asfalt örtüyünün təmir olunması, Sərçuvar-Sirəbil yolunun əsaslı təmir olunması, ərazidəki Kor çayının təmizlənməsi və digər sosial məsələlər barədə müraciətlər etmiş, minnətdarlıqlar bildirmişlər.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov görüşü yekunlaşdıraraq, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar vermişdir. Məsələlərdən bir neçəsi dərhal yerində həll olunmuş digər məsələlər barəsində müraciət edən vətəndaşlara qanunamüvafiq izahat verilib nəzarətə götürülmüşdür.