Masallı şəhərində 8 noyabr-Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası
07 noyabr 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Aksiya Masallı-Banbaşı avtomobil yolunun sağ və sol hissələrində təşkil olunub.
Ağacəkmə aksiyasında Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov və icra hakimiyyətinin aparatı, ərazi nümayəndəlikləri, bələdiyyələr, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və müharibə iştirakçıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyalarının təşkilinin artıq ənənə halı aldığını vurğulayıb. Rayon rəhbəri mövsümü olaraq ağacların əkilməsinin əlverişli olduğunu qeyd edərək, bu cür təşəbbüslərin ətraf mühitin qorunması, yaşıllıq sahələrinin artırılması və gələcək nəsillərə daha sağlam təbiətin ötürülməsi baxımından əhəmiyyətini diqqətə çatdırmışdır.
Çıxışdan sonra aksiya iştirakçıları ərazidə ağaclar əkib, onların suvarılması və torpağın bərkidilməsi işlərini həyata keçiriblər. Birgə əmək və yüksək fəallıq şəraitində keçirilən aksiya ərazinin yaşıllaşdırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına və Zəfər Gününün mənəvi ruhuna uyğun təşəbbüslərin təşviqinə töhfə verib.
Tədbirin sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov aksiya iştirakçıları ilə xatirə şəkilləri çəkdirib.






