Masallı taekvondoçuları Batumidən 3 medalla geri dönür
18 sentyabr 2023 | 17:59
Gürcüstan Respublikasının Batumi şəhərində taekvondo üzrə beynəlxalq turnirə yekun vurulub.
İki gün (16-17 sentyabr) davam edən “Batumi Open – 2023”ə Azərbaycan Taekvondo Federasiyasının Masallı Regional Taekvondo Mərkəzinin komandası üç nəfərlik heyətlə qatılıb.
Hər üç taekvondoçumuz açıq turnirdə uğurlu nəticə (1 qızıl, 1 gümüş, 1 bürünc medal) göstərib.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Akif Ağayev xəbər verir ki, yarışların ilk günündə dayanq üzərinə çıxan Pünhan Heydərli (30 kq, uşaqlar arasında) bütün rəqiblərindən üstün olduğunu göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Turnirin növbəti günündə isə yeniyetmələrin mübarizəsində gücünü sınayan digər iki idmançımız - Hüseyn Sadıqlı (33 kq) gümüş, Murad Cahangirov (41 kq) bürünc medalla kifayətləniblər.
Qeyd edək ki, taekvondoçuları yarışlara Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi UGİM-nin məşqçi-müəllimi Sadiq Ağayev hazırlayıb.