Şriftin ölçüsü :

Saytın rəngi :

Masallı Təhsil Fondu tələbələrlə görüş keçirdi

10 sentyabr 2022 | 18:57

“Masallı Təhsil Fondu” tərəfindən Masallı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul olunan, eləcədə ötən dərs ilini Azərbaycan Pedaqoji Universitetlərində uğurla başa vuran tələbələrlə görüş keçirildi.  

Tədbir öncəsi “Qəhrəmanlar parkı” abidə kompleksi ziyarət edilib, abidə qarşısına gül-çiçək dəstələri düzülüb.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov açıb.

İcra başçısı ali məktəblərə qəbul olunan tələbə qızları təbrik edib. Azərbaycanda təhsilin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran icra başçısı qeyd edib ki, bu gün bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də gənclərimiz, xüsusilə qızlar öz uğurları ilə bizi sevindirir. Bu da əbəs deyildir. Masallıdan təhsil alan qızların təhsil haqqı ödənişi və təqaüdünün verilməsindəki uğurlu iş “Masallı Təhsil Fondu”-nun apardığı məqsədyönlü iş sayəsində həyata keçirilir. 

“Masallı Təhsil Fondu”-nun icraçı direktoru Hüseyn Hüseynov fondun fəaliyyəti haqqında ətraflı məlumat verərək bildirb ki, fond Milli Məclisin deputatı Məşhur Məmmədovun təşəbbüsü və maliyyə dəstəyi ilə yaradılıb. Yarandığı üç il ərzində 160 qıza təhsil fondunun nizamnaməsinə uyğun təqaüd və onların təhsil haqqları ödənilib. 87 tələbənin təhsil haqqı, 73 nəfər tələbə qıza təqaüd verilib. Şəhid övladlarına 200, digər tələbələrə 100 manat təqaüd verilir.

Tələbə qızlarla görüşdə çıxış edən Milli Məclisin deputatları - Anar İsgəndərov, Məşhur Məmmədov qızlara tələbə həyatında, imtahanlarında uğurlar diləyib, Masallının adını daim uca tutmağı arzulayıblar. 

Sonra “Azadmedia.az” saytının redaktoru Ülkər Piriyeva, tələbə qızlardan — şəhid İntiqam Abbasovun qızı Xədicə Abbasova, şəhid Anar Novruzovun qızı Firuzə Novruzova və digər tələbələr çıxışlarında ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. 

Diskussiya şəraitində keçən tədbirdə millət vəkili Məşhur Məmmədov bir daha tələbə qızlara uğurlar arzulayıb, onların gələcək tələbə həyatında nümunəvi gənc olmağı tövsiyə edib. 

 “Fond qızların təhsilinə önəm verilməsi, yüksək ixtisaslı kadrların hazırlanması naminə bütün imkanlardan səmərəli istifadə edir. Bununla yanaşı, bir vacib məsələni də qeyd etmək yerinə düşər ki, fond qızların təhsildən yayınması, erkən nikaha girməsi kimi neqativ halların qarşısının alınmasına yönəlir” - deyə millət vəkili tədbir iştirakçılarının diqqətinə çatdırdı. 

Tədbirin sonunda millət vəkili tələbə qızlarla və “Masallı Təhsil Fondu”nun əməkdaşları ilə xatirə şəkli çəkdirdi.

 

Keçidlər