Masallıda 12 Noyabr - Konstitusiya Günü ilə bağlı dəyirmi masa
Masallı rayon Heydər Əliyev Mərkəzində 12 Noyabr - Konstitusiya Günü ilə bağlı dəyirmi masa keçirilib.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşlarının, eləcə də Mərkəzdə fəaliyyət göstərən dərnəklərin müəllim və şagird heyətinin iştirak etdiyi dəyirmi masa Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanılıb.
“Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” adlı dəyirmi masada Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə çıxış edib. Qeyd olunub ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. G. Vəkilzadə diqqətə çatdırıb ki, Ulu Öndərin yaratdığı dövlətçilik təlimi və onun ayrılmaz hissəsi olan Konstitusiya müstəqil Azərbaycanın bugünkü varlığının və gələcək inkişafının əsasını təşkil edir, ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir.
Tədbirdə Mərkəzin bələdçisi Şəfa Xəlilova da çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi. Azərbaycanda 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü kimi qeyd olunur.
Dəyirmi masanın sonunda müzakirələr və fikir mübadiləsi aparılıb.