Masallıda 1500 ədəd zeytun ağacı əkilmişdir
23 noyabr 2022-ci il tarixdə Masallı rayonunun Bakı - Astara magistral yolunun Masallı hissəsindən keçən yerində zeytun ağacları əkilmişdir.
Ağacların əkilməsi Masallı Rayon İcra Hakimiyyəti və Viləşçay Su Anbarı İstismarı İdarəsinin təşəbbüsü ilə həyata keçirilmişdir. Həmin ayrılan sahədə 1500 ədəd zeytun ağacı və sınaq məqsədi ilə 20 ədəd badam ağacı əkilmişdir.
Qeyd edək ki, zeytun bitkisi də Masallının torpaq-iqlim şəraitinə uyğun ağacdır. Yaxşı qulluq göstərildikdə və becərmələr aqrotexniki qaydalar əsasında aparıldıqda tez boy atır və yaxşı da məhsul verir. Hüseynhacılı kəndi yaxınlığında ayrılan sahə də zeytun yetişdirmək üçün tam əlverişlidir. Əkinə qədər ərazinin iqlim və florası bərpa edilmişdir.
Viləşçay Su Anbarı İstismarı İdarəsi əməkçilərinin xeyirxah işini qeyd edən Masallı rayon rəhbəri cənab Araz Əhmədov qeyd etmişdir ki, zeytun qiymətli qida məhsuludur. Zeytun yağı və süfrəlik zeytun məhsullarına həmişə ehtiyac var. Bunu bu yaxı nlarda, nnoyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Bakının Xəzər rayonunun Zirə qəsəbəsində “Abşeron Zeytun Bağları” Məhdud Məsuliyyətli Cəmiyyətinin regionda ən böyük zeytun yağı və süfrəlik zeytun məhsullarının emalı zavodunun açılışı zamanı da qeyd etmişdir. Gözəl təşəbbüsdür, Allah xeyir versin.
Məlumat üçün bildirək ki, ilk zeytun ağacını Masallı RİH başçısı Araz Əhmədov əkmiş və suvarmışdır.
Həmçinin Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov öz növbəsində icra başçısına zeytundan başqa 20 ədəd badam ağacının da əkilməsini və gələcəkdə zeytun ağacları ilə yanaşı bu bitkinin də rayonumuzda geniş yayılmasını nəzərə çatdırmışdır.
Masallı rayonunda yeni zeytun bağlarının və ənənəvi digər yaşıllıq zolaqlarının salınması bundan sonra da davam etdiriləcək.