Masallıda 20 yanvar faciəsinin 33-cü ildönmü
20 yanvar 2023-cü il tarixdə Masallı rayonunda şəhidlərin anım günü rayon mərkəzində və ayrı-ayrı yaşayış məntəqələrində keçirilən tədbirlərlə yadda qalıb. Hər yerdə şəhidlərin xatirəsinə böyük etiram ifadə edilib.
Masallı şəhər “Qəhrəmanlar parkı-Şəhidlər abidə kompleksi”ndə 20 yanvar faciəsinin 33-cu ildönümü ilə əlaqədar ümumrayon anım mərasimi keçirilib.
Səhər saatlarından başlayaraq ziyarətə gələn insanları, minlərlə rayon sakinini bir amal birləşdirirdi: Azadlığımız, müstəqilliyimiz uğrunda canından keçənlərin xatirəsini yad etmək, onların haqq işinin müdafiəçisi olduğunu bildirmək.
Anım mərasimində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanları, idarə, müəssisə, təşkilat rəhbərləri və əməkdaşları, ağsaqqallar, ziyalılar, məktəblilər, Qarabağ müharibəsi veteranları, ictimaiyyət nümayəndələri 20 Yanvar şəhidlərinin abidəsi önünə təzə-tər qərənfillər düzərək şəhidlərin ruhunu ehtiramla yad ediblər.
Eyni zamanda, rayon ərazisində matəm əlaməti olaraq Dövlət Bayrağı endirilib, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.