Masallıda 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq mübarizə Günü” çərçivəsində tədbir
24 iyun 2025-ci il tarixdə Masallı rayon İcra Hakimiyyətinin inzibati binasında 26 iyun – “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq mübarizə Günü” çərçivəsində tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin məsləhətçisi, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Masallı rayon komissiyasının katibi Azər Bəhmənov bildirmişdir ki, bəşəriyyətin ən ağrılı problemlərindən olan, cəmiyyətin təhlükə mənbəyinə çevrilən narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Narkomaniyaya qarşı hamılıqla mübarizə aparılmalı, yayılmasına təkan verən bütün halların qarşısı alınmalı, cəmiyyətimizi, xüsusilə də gələcəyimiz olan gənclərimizi, böyüməkdə olan nəsli bu bəladan qorumalıyıq. Azər Bəhmənov bu gün narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində saxlanıldığını bildirmişdir.
Tədbirdə çıxış edənlər narkomanlıqdan və onların fəsadlarından danışaraq neqativ halların vaxtında aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsinin vacibliyini bildirmişlər. Maarifləndirmə tədbirlərinin gənclər üçün çox önəmli olduğunu, aparılan profilaktik işlərin vacibliyini qeyd etmişlər.






