Şriftin ölçüsü :

Saytın rəngi :

Masallıda 27 sentyabr-Anım Günü qeyd olundu

27 sentyabr 2023 | 19:34

27 Sentyabr 2023-cü il tarixində Masallıda 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov və aparatı, YAP fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Masallı Rayon Şöbəsinin əməkdaşları, din xadimləri, şəhid ailələri, qazilər, rayon ziyalıları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak ediblər. 

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ölkəmizin azadlığı və suverenliyi uğrunda sücaət göstərmiş Vətənin mərd oğullarının “Qəhrəmanlar parkı, Şəhidlər abidə kompleksi”ni ziyarət edərək xatirələrini böyük ehtiramla yad edib, önünə tər gül dəstələri düzdülər, ruhuna dualar oxudular.

Anım mərasimində çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov vurğulayıb ki, 27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Masallıda da Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunur. 

Haqq və şərəf işimiz olan 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız və Ordumuz böyük Zəfər qazanıb. Xalqımızın yurd həsrəti uzun illərdən sonra sona çatdı. İndi Qarabağımız təzədən qurulur, keçmiş məcburi köçkünlərimiz doğma yurd — yuvalarına qayıdırlar. Bu gün Azərbaycan bayrağımız bütün Qarabağda dalğalanır.

İcra başçısı həmçinin Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri qəhrəmanlıqlarından söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlıqla torpaqlarımızı erməni işğalçılarından azad etdiyini göstərib.

Masallı rayonunda çıxan «Yeni həyat» ictimai — siyasi qəzetinin və eyni adlı saytın Baş redaktoru Əlihüseyn Şükürov xəbər verir ki, tədbirdə həmçinin Masallı rayonunun Qızılağac kəndindən olan şəhid anası Leyla Əliyeva, Sərçuvardan şəhid atası Vahid İsgəndərov, Hişkədərədən şəhid atası Aslan Məhərrəmov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, QMİ-nin Masallı rayonu üzrə Qazısı Rəşid Talıbov və başqaları Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu Qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib.

Masallı rayonunun bütün ərazilərində Ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsinə hərəkət dayanmış və nəqliyyat vasitələri səs siqnalları vermişlər.

Masallı şəhər Axund Məmmədqulu məscidində 27 Sentyabr - Anım Günü ilə əlaqədar ehsan süfrəsi açılıb, bütün şəhidlərin ruhuna dualar oxunub.

Keçidlər