Masallıda 3 dekabr - “Beynəlxalq Əlillər Günü” ilə bağlı sərgi
Sosial Xidmətlər Agentliyi Masallıda əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Zəfər” satış sərgisi təşkil edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi tərəfindən Masallı şəhərində əlilliyi olan şəxslərin əl işlərindən ibarət “Zəfər” satış sərgisi təşkil edilib.
Sərgidə Masallı rayon İcra Hakimiyyətinin Başçısı cənab Araz Əhmədov, Başçısının müavini Aybəniz Qafarova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi İdarə Heyəti sədrinin müşaviri Vüqar Əliyev, Regional Mədəniyyət idarəsinin müdiri Bəxtiyar Qılıncov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, eləcədə rayon sakinləri iştirak etmişlər.
Sərgidə 6 sənət növü (rəssamlıq, xalçaçılıq, dülgərlik və s.) üzrə 112 əl işi nümayiş olunub. Əl işləri 20 nəfər əlilliyi olan şəxs tərəfindən hazırlanıb. Sərgidə xalçaçılıq və dülgərlik sənət nümunələri xüsusi maraqla qarşılanıb.
Sərginin açılışında Agentliyin İdarə Heyəti sədrinin müşaviri Vüqar Əliyev Agentlik tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin əl işlərindən ibarət satış sərgilər təşkil olunduğunu bildirib. Qeyd edib ki, bu sərgilərin təşkilində məqsəd əlilliyi olan şəxslərin yaradıcı potensialının cəmiyyətə tanıdılması və onların sosial inteqrasiyasına dəstək verilməsidir.
Tədbirin sonunda musiqi bacarığı olan 18 yaşınadək əlilliyi olan şəxslər və musiqi kolleci tələbələrinin “Qələbənin nəğməsi” adlı birgə konsert proqramı təqdim olunub.
Satış sərgisində Masallı rayonu ilə yanaşı qonşu Lənkəran, Astara, Cəlilabad və Yardımlı rayonlarının əlilliyi olan şəxslərin də əl işləri yer alırdı.